Yuxarı

"Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti BANM-də çıxış edib

Sonda xarici qonağa BANM-in Fəxri diplomu ilə təltif olunub

Bakı. 10 aprel. REPORT.AZ/ "Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov keçən ilin iyulun 8-də Məktəb və "Emerson Process Management" şirkəti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladıb. O bildirib ki, bu səfər ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktik addım olacaq: "Bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək".

Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri olan BANM-də olmasından razılıq ifadə edən Royland Van Doren tələbələri təmsil etdiyi şirkət haqqında ətraflı məlumatlandırıb. O, BANM və rəhbərlik etdiyi şirkət arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə BANM-də xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Görüşdən sonra Royland Van Doren BANM-in tələbələri üçün "Liderlik - Təşkilati uğurlara aparan yol", "Effektiv liderliyin əsasları", "Çoxsahəli liderlik" mövzularında mühazirə ilə çıxış edib.

Sonra o, tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda "Emerson Process Management" şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren BANM-in "Fəxri qonaq" diplomu ilə təltif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi