Yuxarı

​Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə müsabiqənin nəticələrini açıqlayıb

Layihə üzrə nəticələrin seminar şəklində təqdimatı və kitab şəklində nəşri planlaşdırılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu keçirdiyi “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb. Bu barədə “Report”a Fondun mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən 2014-cü il 25 noyabr tarixində təsdiq edilmiş “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair” Fəaliyyət Planına uyğun olaraq keçirilib.

On min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmək üçün icra müddəti bir ayadək olan layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur.

6 qalib layihə üzrə AMEA-nın Şərqşünaslıq, Tarix və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində 6 mövzu üzrə araşdırmalar aparacaqlar. Bu sıraya “1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”, “1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ komendantı (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) general Usmiyevin Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”, “Erməni soyqırımı: sənədlər və faktlar”, “Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru” və “Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair” mövzuları daxildir.

Layihə üzrə nəticələrin seminar şəklində təqdimatı və kitab şəklində nəşri planlaşdırılıb.

Qeyd edək ki, Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsini ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılması məqsədilə keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi