Azərbaycanda elmi işçilərin işə qəbulunda yeni qaydalar tətbiq olunacaq

Azərbaycanda elmi işçilərin işə qəbulunda yeni qaydalar tətbiq olunacaq "Heç bir mənfi hala yol verilə bilməz"
Elm və təhsil
25 Dekabr , 2014 14:50
Azərbaycanda elmi işçilərin işə qəbulunda yeni qaydalar tətbiq olunacaq

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanda doktorantura və magistraturanı bitirən istedadlı gənc mütəxəssislərin elmi vəzifəyə müsabiqədənkənar təyin edilməsi təklif olunur. “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsində bu gün müzakirəyə çıxarılan “Elm haqqında” qanun layihəsinə ayrıca maddə əlavə olunub.

Qanun layihəsinin “Elmi işçinin işə qəbul qaydası” adlı 10-cu maddəsinin 1-ci və 2-ci hissəsində göstərilir ki, “elmi işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və elmi müəssisə, təşkilatın nizamnaməsi ilə tənzimlənir”.

Maddənin 3-cü bəndində isə deyilir ki, “müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır”.

Yenə həmin maddənin 4-cü bəndində bildirilir ki, “Doktoranturanı və magistraturanı bitirən istedadlı gənc mütəxəssislər müvafiq elmi vəzfiəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərti ilə) təyin oluna bilərlər”.

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, sonuncu bənddə “istedadlı gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədənkənar” işlə təmin olunması konkretləşməyib və bu, korrupsiyaya yol aça bilər. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə ona cavabında bildirib ki, digər qanunvericilikdə nəzərdə tutulan müddəalar buna nəzarət edir və heç bir mənfi hala yol verilə bilməz.

Son xəbərlər

Orphus sistemi