Yuxarı
    Bağlamaq

    Əli Hüseynli: "Tələbələri göndərməkdənsə, daha effektiv olar ki, xaricdən müəllimləri Azərbaycana dəvət edək"

    “Davamlı fəaliyyət göstərən yay və qış düşərgələrinin yaradılması hökumətin diqqətində olmalıdır”

    Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı təkliflərlə çıxış edib. “Report” xəbər verir ki, komitə sədri ilk öncə dünən keçirilən müzakirələr zamanı vitse-spiker Valeh Ələsgərovun elm və təhsil haqqında çıxışından sonra onun tənqid edilməsini qəbul etmədiyini deyib.

    O əlavə edib ki, vitse-spikerin fikirləri müasir çağırışların, bazar iqtisadiyyatının tələblərinə söykənir: “Hesab edirəm ki, bu tənqidlərin əsası yoxdur. Bu maliyyə sahibkarların, vergi ödəyicilərinin hesabına əldə edilir. Bu vəsait xərclənərkən əlbəttə onun bir nəticəsi olmalıdır. Azərbaycan dövlətinin  apardığı siyasətin nəticəsində akademiya qorunub saxlanıb. Yəni elmə olan diqqət ən yüksək səviyyədədir. Amma biz onun nə verdiyini təhlil etsək, görərik ki, burada tərs mütənasiblik var. Əlbəttə, “Elm haqqında” qanun müzakirə edilən zaman biz fikirlərimizi daha ətraflı şəkildə deyə bilərik. Hesab edirəm ki, hökumətin bu sahədə həyata keçirdiyi siyasət kifayət qədərdir. Əgər doğrudan da vəsait varsa və mümkündürsə, mən bir neçə istiqamətdə təklif irəli sürmək istərdim. Bu vəsaiti hara yönəltmək mümkündür? Bunlardan biri Dövlət Sirki üçün yeni binanın tikilməsi, müasir standartlara cavab verən sirkin formalaşdırılmasıdır. İkincisi, Azərbaycan Dövlət Kinostudiyasının yenidən formalaşdırılmasıdır. Bunların hər ikisi gənclərin, vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edir. Mən əminəm ki, əgər bu təkliflər hökumətdə müzakirə edilərsə, bu, həm də sosial sifariş kimi qəbul edilməlidir. Vurğulamaq istəyirəm ki, bizim bölgələrdə həyata keçirdiyimiz siyasətin bir hissəsi sosial və mədəni tədbirlərə yönəlməlidir. Nə qədər paradoksal olsa da, son illər baxmayaraq ki, ölkəmizdə ciddi ictimai sabitlik mövcuddur, cinayətkarlığa qarşı hüquq-mühafizə orqanları tərəfindən nəticəsi olan işlər həyata keçirilir, amma məişət nəticəsində cinayətkarlıq halları artmağa başlayıb. Bunun yeganə səbəbi sosial-mədəni islahatlarla bağlıdır”.

    Ə.Hüseynli deyib ki, müvafiq qanunla hökumətin gələcəkdə maliyyələşdirəcəyi layihələrdə idman və mədəni tədbirlər üstünlük təşkil edir: “Mən təhsillə bağlı bir məqamı da qeyd etmək istəyirəm. Hansı ki son illər bu sahədə bizim uğurumuz var. Xüsusən, xaricə təhsilə göndərilən gənclərlə bağlı nailiyyətlər əldə edilib. Ancaq mənə elə gəlir ki, burada taktikanı bir qədər dəyişmək olar. Daha effektiv olar ki, biz xaricdən bura müəllimləri dəvət edək. Yəni bu imkandan yüzlərlə tələbə deyil, minlərlə insanlar bəhrələnə bilərlər”.

    Əli Hüseynli gənclərin davamlı məşğuliyyəti ilə bağlı da təkliflər irəli sürüb: “Hesab edirəm ki, davamlı fəaliyyət göstərən yay və qış düşərgələrinin yaradılması hökumətin diqqətində olmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi