Yuxarı

Elçin Babayev: "İnformasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir"

Bakıda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda “İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir. "Report" xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Qırğızıstandan gənc alimlər iştirak edirlər.

Tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə müdafiədən hücum siyasətinə keçib.

E.Babayev qeyd edib ki, Fondun növbəti “Mobillik qrantı” müsabiqələrindən biri məhz xarici ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycandan olan alimlərin işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc alimləri bu məsələdə də fəal olmağa çağırıb.

Beynəlxalq konfransın açılışında “İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması”, “İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması”, “İnformasiya cəmiyyətinin mürəkkəbliyi” , “İnformasiya müdafiə və hücum vasitəsi kimi” mövzularında plenar məruzələr dinlənilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşən beynəlxalq konfrans seksiyalarla iki gün davam edəcək. Tədbirə elmi-təşkilati dəstəyi Bakı Avrasiya Universiteti göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi