Yuxarı

Nazirlər Kabineti ​Azərbaycanda bələdiyyə qulluğuna müsabiqənin elan edilmə qaydasını təsdiqləyib

Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası”nı təsdiq edib.

"Report"un xəbərinə görə, yeni qaydaya əsasən, müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycanın dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Qaydaya əsasən, bələdiyyə orqanlarında vakant vəzifələr üzrə bələdiyyə qulluğuna qəbul üçün bələdiyyənin müsabiqə komissiyası müsabiqə elan edir. Elan bələdiyyənin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Elanda sənədlərin qəbul edildiyi yer, sənədləri qəbul edən şəxsin soyadı, adı, atasının adı və əlaqə telefonları, vakant vəzifələrin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən bələdiyyə qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.

Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 gün müddətində bələdiyyənin icra aparatına vahid forma üzrə ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, təhsil haqqında sənədin surəti, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının təsdiq edilmiş surəti, sağlamlıq barədə arayış, hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə, müvafiq arayış, 3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək istəyən şəxsin sənədləri nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, natamam olduqda və ya onlarda yanlış məlumatlar aşkar edildikdə, həmin şəxsə sənədləri təqdim etdiyi gündən 5 iş günü müddətində məlumat verilir. Müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə ilə bağlı sənədlərin qəbulu başa çatanadək həmin çatışmazlıqları aradan qaldırdıqda, müsabiqədə iştirak hüququnu əldə edir.

Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün müddətində müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir. Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət müsabiqə komissiyası yaradılır. Müsabiqə keçirilən gün müsabiqə başlamazdan əvvəl müsabiqəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri müsabiqə komissiyasına təqdim edilir. Müsabiqə komissiyasının sədri siyahıda göstərilmiş namizədləri elan edir. Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda və yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir. Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir. 5 sual və tapşırıq müsabiqə komissiyası tərəfindən əvvəlcədən müəyyən edilir və müsabiqə günü namizədlər tərəfindən yazılı formada cavablandırılaraq müsabiqə komissiyasına təqdim edilir. Eyni vəzifəyə müraciət edən namizədlərə eyni sual və tapşırıqlar verilir.

Müsahibə hər bir namizədlə fərdi qaydada həyata keçirilir və ən azı 15 dəqiqə aparılır. Müsahibə zamanı hər namizədin iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu, bilik səviyyəsini və ümumi dünyagörüşünü müəyyən etmək üçün suallar verilir.

Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir və “Namizədin müsabiqədə qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilərəkmüsabiqə komissiyasının sədrinə təqdim edilir. Namizədin sual və tapşırıqlara verdiyi yazılı cavabların hər biri və müsahibə zamanı suallara verdiyi cavablar 5 ballıq sistem üzrə qiymətləndirilir. Müsabiqə komissiyasının üzvləri arasında namizədin cavabları ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Müsabiqə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılmaqla, müsabiqənin yekun nəticələri “Namizədin müsabiqədə qiymətləndirilməsinin yekun protokolu” ilə rəsmiləşdirilir.

Namizədlərin balları eyni olduqda, müvafiq ixtisas üzrə əmək stajı daha çox olan şəxslərə, şəhid ailələrinə, əlillərə, öhdəsində 16 yaşadək iki və daha çox uşağı olanlara və vakant vəzifənin tələblərinə uyğun elmi dərəcəsi və ya elmi adı olanlara üstünlük verilir. Müsabiqənin nəticəsi üzrə qərar həmin iş günü müddətində elan olunur, bələdiyyənin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir, habelə bələdiyyənin binasında xüsusi lövhələrdə yerləşdirilir. Müsabiqənin nəticəsinə uyğun olaraq, ən yüksək bal toplamış namizəd 10 iş günü müddətində vakant iş yerinə təyin edilir.

Namizədin tələbi əsasında ona 3 gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.

Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu tarixdən 30 gün müddətində İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi