Yuxarı

Ekspertlər Təhsil Nazirliyinin cari ildə gördüyü işləri qiymətləndiriblər

2014-cü ildə təhsil sahəsində aparılan islahatlar nəzərəçarpan uğurlara yol açmaqla yanaşı, həm də gələcək nəailiyyətlər üçün etibarlı zəmin yaradıb.

2014-cü ildə təhsil sahəsində aparılan islahatlar nəzərəçarpan uğurlara yol açmaqla yanaşı, həm də gələcək nəailiyyətlər üçün etibarlı zəmin yaradıb. Bütün bunlarla bağlı millət vəkillərinin, tanınmış ziyalıların və təhsil ekspertlərinin fikirləri maraq doğurur. "Report" ekspertlərin təhsil sahəsinə dair fikirlərini təqdim edir:

Şahlar Əsgərov, təhsil eksperti:

- Hesab edirəm ki, təhsildə ən yaddaqalan və ən zəruri məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasıdır. Bu sənədin qəbulu təhsilimizin yoluna kifayət qədər işıq saçır və eyni zamanda fəaliyyət meydanını müəyyənləşdirir. İkinci vacib məqam buraxılış imtahanından sonra məzunların hamısına attestatın verilməsidir. Bir halda ki, gənc məktəbi bitirib, ona qiymətləri göstərmək şərti ilə attestat vermək lazımdır. Digər bir yaddaqalan hadisə müxtəlif səbəblərdən ali məktəblərdən kənarlaşdırılmış tələbələrin təhsilə qayıtmasına imkan verən yeni qaydaların tətbiqi oldu. Hansısa səhv və ya təsadüf üzündən ali məktəbdən qovularaq təhsilini başa vurmayan tələbələrə şans verilməsi çox müdrik və dövlətin yürütdüyü humanist siyasəti dəstəkləyən addımdır. Eyni zamanda gənclər üçün stimul mənbəyidir.

Ali məktəblərdə SABAH qruplarının yaradılması da olduqca vacib hadisədir. İstedadlı, bilikli gənclərin eyni qruplarda bir araya gələrək xüsusi proqramların tətbiqi, ölkənin tanınmış müəllimlərinin tədrisi ilə onlara dərin biliklərin verilməsi bir növ ali təhsil sistemində mayak rolunu oynayacaq.  Bu il Bakı məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində mühüm rol oynadı.

Uğurlu işlərdən biri də müəllimlərin dərs yükünün artırılmasıdır. Əvvəllər 1 müəllimə 8 şagird düşürdü, bu gün isə bu nisbət 1:12-yədir. Aydın məsələdir ki, bu da təhsilin keyfiyyətinin artmasına səbəb olacaq. Müəllimlərin və direktorların işə qəbul olunması, elektron kitabxanaların yaradılması və digər məqamları da qeyd etsək, düşünürəm ki, bu 1 il ərzində kifayət qədər yaddaqalan işlər görülüb. Orta məktəblərdə dərs ili müddətinin artırılması təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək bir addımdır. Təhsil Nazirliyinin şagirdlərin bir günə düşən dərs yükünün azaldılması ilə bağlı gördüyü işləri təqdir edirəm.

Hamlet İsaxanlı, Xəzər Universitetinin təsisçisi:

- Mənim Təhsil Nazirliyinin fəaliyyətində ən çox xoşuma gələn hal açıqlıq və konkretlikdir. İstənilən məsələni nazirliklə müzakirəyə çıxarmaq və konkret nəticə əldə etmək mümkündür. Nazirliyin bu iş üslubu çox təqdirəlayiqdir. Bu il Təhsil Nazirliyi ilə ali təhsil müəssisələri arasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində səmərəli müzakirələr aparılıb. Bu sənəd təhsilimizin gələcək inkişafı üçün qeyri-adi dərəcədə mühüm sənəddir. Yaxşı haldır ki, Dövlət Strategiyası çərçivəsində görülən işlər geniş ictimaiyyətlə müzakirə olunur. Şübhəsiz ki, belə böyük sənəddə göstərilənləri bir ildə həyata keçirmək mümkün deyil. 2014-cü il Dövlət Strategiyasındakı genişmiqyaslı tədbirlərin reallaşması üçün mühüm hazırlıq dövrü kimi qiymətləndirilə bilər. Məsələn, strategiyada universitetlərin kampuslarının yaradılması kimi çox mühüm məsələ var. Bu istiqamətdə müzakirələr gedir və biz gözləyirik ki, növbəti ildə bununla bağlı konkret addımlar atılacaq.

Bolonya prosesi, təhsil standartları, proqramları, ali məktəblərin müstəqilliyi ilə bağlı Təhsil Nazirliyinin keçirdiyi təqdimatlar, müzakirələr təhsil ictimaiyyəti üçün çox faydalı olub. Nazirliyin müəllimlərin və idarəedənlərin peşəkarlığının artırılması istiqamətində təlimlər keçirməsini xüsusi qeyd edərdim. Dünyanın ən iri şirkətləri belə işə götürdükləri insanların peşəkarlıq qabiliyyətini artırmaq üçün mütəmadi təlimlər təşkil edir. Ali məktəblərin də bu işə cəlb edilməsi təlimin keyfiyyətini yüksəldib. Ümumiyyətlə, təlimlər ömürboyu təhsil komponentinin vacib elementidir. Təhsil Nazirliyinin digər bir uğuru - elektron təhsil resurslarının yaradılması və genişləndirilməsi çox əhəmiyyətli layihədir. Burada orta məktəblər üçün olduqca faydalı resurslar toplanıb, elektron dərsliklər yığılıb. Ümumiyyətlə, hesab edirəm ki, Təhsil Nazirliyi dərslik sahəsində də müsbət dəyişikliklərin əldə edilməsi istiqamətində çox səmərəli işlərə başlayıb. İlk növbədə, dərslik monopoliyasının aradan qalxmasını gözləyirik. İnkişaf etmiş ölkələrdə çoxsaylı alternativ dərsliklər, əlavə vəsaitlər olur, müəllimlər onlardan geniş istifadə edirlər. Elektron təhsil resursları da belə mənbələrin yaranmasında atılan əhəmiyyətli addımlardan biridir.

Ali təhsildə doktoranturanın inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr bu sahədə yeniliklərin olacağına bizi ümidləndirir. Biz bir ali təhsil müəssisəsi olaraq, bu sahədə Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Hesab edirik ki, doktorantura təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin hazırlanması vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, 2014-cü il təhsil sahəsində faydalı olub və daha ciddi nəailiyyətlər üçün əsaslı zəmin yaradılıb.

Nabatəli Qulamoğlu, təhsil eksperti:

- Azərbaycan təhsilində yeni ab-hava hiss olunur. Təhsil Nazirliyi çox böyük çətinliklərlə müəyyən nəailiyyətlər əldə edir. Hesab edirəm ki, bu yeniliklər Azərbaycan təhsilinə xidmət edir, onun gələcəyinə və islahatlar aparmaq işinə bir vəsilədir. Ümid edirəm ki, bu proses nazirlik tərəfindən uğurla davam etdiriləcək. Təhsil Nazirliyinin fəaliyyətində ən çox nəzərəçarpan istiqamətlərdən biri korrupsiyaya qarşı mübarizə tendensiyasıdır. Demək olar ki, nazirliyin bütün işlərində, verilən əmrlərdə korrupsiyaya qarşı mübarizə ruhu açıq-aydın görünür. Gözləyirəm ki, nazirlik bu xoşagəlməz halla mübarizədən qalib çıxacaq, istədiyi nəticələrə nail olacaq. Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsini onların təkmilləşdirilməsi istiqamətində atılan bir addım kimi dəyərləndirə bilərik.

Vahid Əhmədov, Milli Məclisin üzvü:

- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan sonra bir-birinin ardınca müxtəlif layihələr həyata keçirilib. Bu sırada orta təhsildə vəziyyəti yaxşılaşdırmaq istiqamətində görülən işləri xüsusilə təqdir edirəm. Müəllimlərin attestasiyası ilə bağlı işləri yüksək dəyərləndirirəm. Dağ kəndlərində müəllim çatışmazlığının aradan qaldırılması ilə bağlı baş verən yeniliklər məni çox sevindirdi. Bu işlər artıq öz bəhrəsini verməkdədir. Bu il həyata keçirilən əhəmiyyətli işlərdən biri də təhsilin idarəedilməsi sistemində struktur dəyişikliklərinin aparılmasıdır. Hesab edirəm ki, belə davam etsə, biz təhsildə müasir idarəetmə metodlarının səmərəli tətbiqinə nail olacağıq. Ali təhsil müəssisələrində tələbələrin köçürülməsi işində qayda-qanun yaradılması da alqışlanası hadisədir. Bununla təhsilimizin keyfiyyətini aşağı salan qanunsuz köçürmələrə son qoyulub. Ümumiyyətlə, hesab edirəm ki, 2014-cü ildə təhsilimizin gələcək inkişafı üçün çox yaxşı baza yaradılıb.   

Osman Gündüz, İKT eksperti:

- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil texnologiyalarının tətbiqi ilə bağlı əhəmiyyətli müddəalar əks olunub. Bir neçə gün öncə Təhsil Nazirliyi müxtəlif portallardan ibarət elektron tədris resurslarının təqdimatını keçirdi. Bu resurslar təhsilin həm sosial tərəflərini, həm təhsilalanların biliyinin artırılmasını, həm də xarici mənbələrə çıxışın asanlaşdırılmasını əhatə edir. Burda bir məsələni xüsusi qeyd etmək istərdim. Təhsil Nazirliyi təhsil resurslarının kütləviləşdirilməsi məsələsini həll etdi. İndiyədək təhsil sistemimizdə istifadə olunan istər yazılı, istərsə də elektron resurslar yalnız müəllifinin və ya sahibinin icazəsi ilə yayıla bilirdi. Təhsil Nazirliyi bu hüququ öz əlinə almağa nail oldu, yəni, nazirliyin sifarişi ilə hazırlanan bütün resurslar üzərində mülkiyyət hüququ artıq nazirliyin öz əlindədir. Bu isə o deməkdir ki, bundan sonra bütün təhsil resurslarını internetə yerləşdirmək, hər bir istifadəçiyə pulsuz təqdim etmək, yaymaq imkanı yaranıb. Təqdim olunan elektron təhsil resursları da bu qəbildən olan ilk işdir. Bu, böyük hadisədir. Təhsil sistemində aparılan struktur islahatları, idarəetmə sistemində baş verən dəyişikliklər, təkrarlanan strukturların ləğvi də müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, müəyyən müddətdən sonra bunun effekti görünəcək.   

Zahid Oruc, Milli Məclisin üzvü:

- Bu yaxınlarda parlamentdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov təhsil islahatlarından ətraflı danışdı. Dərslik islahatlarından tutmuş müəllimlərin cəmiyyətdəki mövqeyi, onların sosial təminatı, müəllim əməyinə diferensial yanaşma, eyni zamanda beynəlxalq təhsil sistemləri ilə yaxından tanışlıq, Avropa standartlarına uyğunlaşma, islahatların sosial təsirini hesablamaqla uyğun zaman çərçivəsində aparılması və s. ilə bağlı mühüm işlər ortaya qoyulub. Bütün bunlar cəmiyyətdə təhsilimizin gələcəyi ilə bağlı nikbin fikirlər formalaşdırır. Etiraf etmək lazımdır ki, təhsildə hər hansı problem böyük bir topluma birbaşa təsir edir. Bütün məzunlara attestatların verilməsi, vahid test sisteminin yaradılması istiqamətində atılan addımlar, yeni proqramların tərtibatı, müəllimlərin ilkin sınaq qiymətləndirilməsi göstərir ki, təhsil sistemində görüləcək böyük işlərin zəmini yaradılıb, müvafiq strategiya və planlar var.Ən əsası Təhsil Nazirliyi islahatların mərhələlərlə reallaşdırılmasında israrlıdır. Bütün bunlar Azərbaycanın təhsil uğurlarını artıracaq. Təhsildəki uğurlarımız bizim həm də səhiyyəmizə, hərbi quruculuğumuza, sosial müdafiəmizə, bötüvlükdə, dövlət idarəçiliyimizə təsir göstərən ən mühüm amildir. Ümidvaram ki, Azərbaycan cəmiyyətindən də olan dəstək bu sahədə əhəmiyyətli addımları davamlı edəcək.

Məlahət Mürşüdlü, Azad Müəllimlər Birliyinin sədri:

- Müəllimlərin sınaq qiymətləndirilməsini onların peşəkarlıq səviyyəsinin yoxlanılması kimi dəyərləndirmək daha düzgün olardı. Bu qiymətləndirmə məktəblərimizdə çalışan müəllimlərin ixtisaslarına uyğunluğunu, öyrədənlərin metodiki-pedaqoji yanaşma tərzini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, müəllimlər davamlı olaraq öz üzərlərində çalışmaq üçün müsbət mənada motivasiya olundular. Artıq öz zəif cəhətini bilən müəllim yeniliyi və müasir yanaşmaları mənimsəməyə daha çox meyl edəcək, üzərinə düşən vəzifələrə daha məsuliyyətlə yanaşmağa çalışacaq. Hazırda Təhsil Nazirliyi tərəfindən təlim-tərbiyə işinin məzmununun yeniləşməsi, təlim keyfiyyətinin yüksəlməsi, təlimdə və qiymətləndirmədə yeni metodların, texnologiyaların tətbiqi, müəllimin peşə hazırlığı səviyyəsinin artırılması, idarəetmə strukturunun təkmilləşdirilməsi, yeni nəzarət sisteminin yaradılması və digər məsələləri özündə ehtiva edən məktəbəqədər, tam orta, peşə, ali təhsil üzrə proqramların həyata keçirilməsini də xüsusi qeyd etmək lazımdır.

Etibar Əliyev, “XXI əsr” Təhsil Mərkəzinin sədri:

- 2014-cü ili Azərbaycan təhsili üçün uğurlu il sayıram. Bunu təhsilimizin gələcək inkişafına xdmət edən bir neçə mühüm qərarın qəbul olunması ilə izah edərdim. Fizika-riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzinin açılması, kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım, məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkil olunması, ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin həyata keçirilməsi, elektron dərslik portalının istifadəyə verilməsi və digər müvafiq tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bundan başqa, Təhsil Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında səmimi əməkdaşlıq münasibətlərinin qurulması, inanıram ki, təhsilin inkişafına öz töhfəsini verəcəkdir. Bütün bunlarla yanaşı, ötən illərlə müqayisədə son dövrlər təhsil mühitində demokratikləşmə, hesabatlılıq və şəffaflığın artırılması ilə bağlı ciddi addımlar atılmaqdadır. 2014-cü ildə təhsil sahəsində aparılan islahatları, təhlilləri, monitorinqləri və səmərəli dialoqlar da təhsilin keyfiyyətinin artırılmasına xidmət göstərən fəaliyyət kimi qiymətləndirmək olar.

Əjdər Ağayev, Azərbaycan Təhsil Şurasının sədri:

- Təhsil Nazirliyinin həyatakeçirdiyi islahatlar və silsilə tədbirlər təlim keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin, məktəblərin iş fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir. 2014-cü ildə ölkəmizdə təhsil quruculuğu sahəsində mühüm işlər görülüb. Təhsildə həyata keçirilən hər bir işin önündə, şübhə yoxdur ki, müəllim dayanır. O şagird xoşbəxtdir ki, yaxşı müəllimdən dərs alıb. Təlimin keyfiyyətinin yüksəldilməsinin ən mühüm amillərindən biri pedaqoji kadrdır. Bu baxımdan Təhsil Nazirliyinin müəllimlərin peşəkarlığının artırılmasına, tədris ocaqlarının idarəedilməsi işinin təkmilləşdirilməsinə təkan verən islahatları xüsusilə qeyd olunmalıdır. Təqdirəlayiq haldır ki, müasirtexnologiyaların tətbiqinin genişləndirilməsi ilə yanaşı, şagirdlərin milli-vətənpərlik tərbiyəsinə, mənəvi hazırlığna da yüksək qiymət verilir.Müəllim texnologiyaları təlim prosesinə elə tətbiq etməlidir ki, şagirdlərdə həyati bacarıqlar formalaşdıra və şagirdləri inkişaf etdirə bilsin. Təkcə intellektual baxımdan deyil, eyni zamanda, şagirdinin mənəvi inkişafına, onun bir insan olaraq kamilləşməsinə nail ola bilsin. Məncə, kamil və savadlı, hazırlıqlı vətəndaş yetişdirməyin əsasında bu amillər dayanır. Ümumi təhsil məktəblərində tədris olunan “Qarabağın tarixi” adlı fakültativ kurs və Heydər Əliyev mərkəzlərində keçirilmiş “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Təhsil Nazirliyinin elan etdiyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqə və şagirdlərdə mütaliə mədəniyyətinin, oxuya motivasiyanın yüksəldilməsi məqsədilə reallaşdırılan layihə məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, idraki keyfiyyətlər aşılayır, onların bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.

Vidadi Bağırov, təhsil eksperti:

- Hər ilin sonunda bu və ya digər tərəfdən geriyə boylanılır, görülən işlərə, əldə edilən uğurlara bir nəzər salınır və sanki gələcəyin, görüləcək işlərin yolu cızılır. 2014 -cü ilə nəzər salanda, ümumən ölkəmizin inkişafında öz izini qoyan bu ildə təhsilimizdə də uğurlu addımların atıldığını görürəm. Bunların hamısını sadalaya bilməsəm də, müəyyən məqamlar, daha doğrusu, mənim nəzərimda daha uğurlu hesab etdiyim bir-iki məsələni vurğulamaq istərdim. Təhsil deyəndə, ilk olaraq, gözlərimizin önünə uğurlu müəllim – şagird əməkdaşlığı gəlir. Odur ki, müəllimlərin keyfiyyəti nə qədər yaxşılaşarsa, təhsilin keyfiyyəti də o qədər yüksələr. Bu baxımdan yüksək balla müəllimliyi seçən tələbələrə təqaüdlərin verilməsini və Bakı şəhərində müəllimlərin sınaq qiymətləndirlməsinin keçirilməsini yola saldığımız ildə təhsilimizin ən uğurlu addımlarından hesab edirəm. Təhsil sisteminin qarşısında duran ən aktual məsələlərin həlli baxımından "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir.Dövlət Strategiyasında hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, insan resurslarının və infrastrukturun inkişaf etdirilməsi məsələlərinə geniş yer verilməsixüsusi olaraq qeyd edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi