Yuxarı

Dövlət İmtahan Mərkəzi "British Council" ilə əməkdaşlığa dair niyyət məktubu imzalayıb

Məqsəd ingilis dili üzrə bilgi və bacarığın qiymətləndirilməsinə dair birgə layihələri həyata keçirməkdir

Bakı. 23 sentyabr. REPORT.AZ/ "British Council Azərbaycan" və Dövlət İmtahan Mərkəzi əməkdaşlığa dair niyyət məktubu imzalayıblar.

"British Council Azərbaycan"dan "Report"a verilən məlumata görə, məqsəd ingilis dili üzrə bilgi və bacarığın qiymətləndirilməsinə dair birgə layihələri həyata keçirməkdir.

"British Council" üçün niyyət məktubunun məqsədi ingilis dili üzrə bilik və bacarığın qiymətləndirilməsini daha da inkişaf etdirilməsinə dəstək olmaqla Azərbaycanda təhsil islahatlarının təkmilləşdirilməsində Dövlət İmtahan Mərkəzinə yardım göstərməkdən ibarətdir.

Məqsədlərdən biri dövlət səviyyəsində imtahan nəticələrinin Dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsinə uyğunluğunu müəyyən etmək üçün araşdırma aparmaqdır. DÜAİÇ dil üzrə proqram və tədris qaydalarının qiymətləndirilməsi, tədris və təlim materiallarının hazırlanması və xarici dil biliyinin qiymətləndirilməsi üzə şəffaf, ardıcıl və hərtərəfli bazanı təmin etmək məqsədilə işlənib hazırlanıb.

Sənədi imzalayanlar Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və "British Council Azərbaycan"ın ölkə üzrə direktoru Elizabet Vayt niyyət məktubunun 2017-ci ilin yanvar ayına 2017-2018-ci illər üzrə daha geniş əməkdaşlığa dair çərçivə müqaviləsinə çevrilməsi ilə bağlı razılığa gəliblər. Müqavilə magistratura pilləsində keçirilən qəbul imtahanlarında ingilis dili komponentinin təkmilləşdirilməsinə, yeni kurrikuluma əsaslanan buraxılış imtahanlarındakı ingilis dili komponentlərinin yaradılmasına, Dövlət İmtahan Mərkəzi tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək, həmçinin dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanmasının təkmilləşdirilməsi məqsədini daşıyır. Bundan əlavə, sənəd Böyük Britaniyanın və digər Avropa ölkələrinin uğurlu təcrübələrinə əsaslanaraq Azərbaycanın təhsil sistemində sistematik və keyfiyyətli islahatları təşviq edəcək.

"British Council Azərbaycan"ın direktoru Elizabet Vayt bildirib ki, bu əhəmiyyətli addımdır: "Biz Dövlət İmtahan Mərkəzi ilə birgə ingilis dili üzrə bacarıqların rəsmi şəkildə qiymətləndirilməsi məqsədi güdən islahatlar üzərində çalışmağımıza məmnunuq. Yaxşı imtahan tədris və təhsilin daha yaxşı olmasına təsir göstərə bilər və uzunmüddətli müsbət nəticələrin əldə edilməsinə nail olacaq”.

Qeyd edək ki, "British Council" Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları üzrə aparıcı beynəlxalq təşkilatıdır və dünyanın 109 ölkəsində fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi