BDU rektoru: "Doktorantlara biri xaricdən olmaqla iki elmi rəhbər təyin olunması təcrübəsi genişləndirilməlidir"

BDU rektoru: "Doktorantlara biri xaricdən olmaqla iki elmi rəhbər təyin olunması təcrübəsi genişləndirilməlidir" Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya yeni qəbul edilən gənc alim və mütəxəssislərlə görüşüb
Elm və təhsil
14 Yanvar , 2016 16:19
BDU rektoru: Doktorantlara biri xaricdən olmaqla iki elmi rəhbər təyin olunması təcrübəsi genişləndirilməlidir

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya yeni qəbul edilən gənc alim və mütəxəssislərlə görüşüb. Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. 

Universitetin dünyanın bir sıra qabaqcıl elm və tədris müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümimi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dan çox yerli və beynəlxalq proqram və qrantlarda iştirak etdiyini deyən rektor doktorantları bu layihələrə qatılmağa çağırıb.

O bildirib ki, bu ildən başlayaraq Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanları yaradılacaq: "Doktorantlara bu bazadan yararlanmağı məsləhət görürəm".

Doktorantların elmi rəhbər məsələsinə toxunan rektor əlavə edib ki, dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması məqsədəuyğundur: "Fakültə dekanlarına və kafedra müdirlərinə bu məsələdə doktorantlara yardımçı olmağı tapşırıram. Ehtiyac yarandıqda təcrübə mübadiləsi və elmi-tədqiqat işi aparmaq üçün doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları universitet tərəfindən qarşılanacaq". 

Tədbirdə daha sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Magistratura və Doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər veriblər.

Son xəbərlər

Orphus sistemi