Dilçilik İnstitutunun elmi katibi: "Azərbaycan dilində elektron və interaktiv dərsliklərin yoxluğu narahatlıq doğurur"

Dilçilik İnstitutunun elmi katibi: "Azərbaycan dilində elektron və interaktiv dərsliklərin yoxluğu narahatlıq doğurur" Bakı. 27 noyabr. REPORT.AZ/ Bir sıra kütləvi informasiya vasitələri, internet resursları, elektron mətbuat, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımincə riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir.
Elm və təhsil
27 Noyabr , 2018 17:48
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ "Bir sıra kütləvi informasiya vasitələri, internet resursları, elektron mətbuat, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımincə riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir".

"Report" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib.

O bildirib ki, buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarəti gücləndirməyə ehtiyac duyulur: "Ana dilimizin istifadəsi sahəsində yaranmış bəzi problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və inkişaf mərhələlərinə elmi-tarixi aspektdən nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud problemlər, həyata keçirilməli olan tədbirlər dolğun əksini tapıb. Sərəncamda xüsusi vurğulanıb ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur".

A.Məşədiyeva qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Publik Hüquqi Şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.

Son xəbərlər

Orphus sistemi