Dilçilik İnstitutunda "Qaynar xətt" sistemi sınaq fəaliyyətinə başlayıb - FOTOREPORTAJ

Dilçilik İnstitutunda "Qaynar xətt" sistemi sınaq fəaliyyətinə başlayıb - FOTOREPORTAJ Şöbə müdiri: "Hazırda sınaq müddəti olsa da, sistem fəaliyyət göstərir və istənilən adam zəng edib məlumat verə və ala bilər"
Elm və təhsil
15 Fevral , 2016 15:58
Dilçilik İnstitutunda Qaynar xətt sistemi sınaq fəaliyyətinə başlayıb - FOTOREPORTAJ

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda "Qaynar xətt" sistemi sınaq fəaliyyətinə başlayıb.

"Report" xəbər verir ki, "Qaynar xətt"in iki həftə sınaq müddəti olacaq.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli bildirib ki, "Qaynar xətt"in tam fəaliyyətə başlaması texniki vəziyyətdən asılıdır: "Hazırda sınaq müddəti olsa da, sistem fəaliyyət göstərir və istənilən adam zəng edib məlumat verə və ala bilər".

Onun sözlərinə görə, "Qaynar xətt" yeddirəqəmli və avtomatik sistemdir : "Qaynar xətt"in nömrəsi 012 538 06 37-dir, sistem 24 saat fasiləsiz işləyir. Hazırda burada 3 nəfər işləyir, Təranə Şükürlü və Rasim Heydərov rəhbər, Günel Həmidova isə operator vəzifəsini icra edir. Gələn zənglərin bəzilərini işçilər dərhal cavablandırır, elə suallar da var ki, onlar araşdırılıb, öyrənildikdən sonra cavab verilməlidir. Bütün zənglər qeydiyyata alınır. Zənglərin günlük, həftəlik, aylıq statistikası aparılacaq".

Şöbə müdiri qeyd edib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramına uyğun olaraq sistem vasitəsilə dil qüsurları ilə bağlı məsələlərə baxılacaq: "Amma biz sistemdən həm də vətəndaşlarımızı Azərbaycan dili ilə, dilçiliklə bağlı məsələlərlə məlumatlandırmaq üçün istifadə edəcəyik. Bəzi vətəndaşlar müəyyən qism sözlərin, birləşmələrin yazılışını bilmirlər və ya bəzi sözlərin yazılışı tərəddüd doğurur. Artıq bu məsələləri qeyd olunan nömrəyə zəng edərək öyrənmək olacaq".

Qeyd edək ki, dövlət proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmaması, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "Qaynar xətt"in yaradılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi