Yuxarı
    Bağlamaq

    “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının geniş təqdimatı keçirilib - VİDEO

    © Report/Elchin Murad

    Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin filologiya üzrə nümayəndələri iştirak edib.

    Öncə dilçi alim Afad Qurbanovun XX əsrin 50-60-cı illərindən Azərbaycan Milli Kitabxanasında saxlanılan çoxsaylı kitablarının sərgisi təşkil olunub.

    Sərgidə Afad Qurbanovun Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkoloji dilçiliyə dair dərslikləri və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif tarixlərdə sovet dövrünün görkəmli alimləri tərəfindən hədiyyə olunan müxtəlif nəşrlər nümayiş etdirilib.

    Eyni zamanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın öz müəlliminə həsr etdiyi “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimini AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığı barədə məlumat verib və onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olduğunu qeyd edib. 

    O bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet illərində və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində elmi məktəbin banisi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər hazırlayıb, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən olub.

    Kitabın müəllifi, professor Sayalı Sadıqova çıxış edərək bildirib ki, institutun Elmi Şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada görkəmli dilçi-alim Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunub: "Afad Qurbanov istedadın vurğunu və qayğıkeş adam idi. 

    Yaxşı tədqiqatçı olmaqla yanaşı, elmi kadrlar yetişdirmək bacarığı hər alimə qismət olmur. Bunun üçün yüksək elmi təşkilatçılıq, dərin elmi təfəkkür, məntiq, izah etmək, başa salmaq qabiliyyəti, yüksək ziyalılıq, əxlaqi saflıq, davranış mədəniyyəti, təmkin və səbr lazımdır. Bütün bu cəhətlər və bizim müşahidə edə bilmədiyimiz bir çox başqa xüsusiyyətlər Afad Qurbanov şəxsiyyətini fərqləndirən, onu sevdirən, yüksək nüfuz sahibi edən keyfiyyətlərdir. Afad Qurbanov yazmaq xatirinə deyil, həmişə dilimizin, mədəniyyətimizin doğurduğu ehtiyacdan qələmə sarılmışdı, elmi-nəzəri fikirlərini özünəməxsus, heç kimə bənzəməyən, orijinal alim mövqeyi ilə ifadə edirdi. Görkəmli alim Afad Qurbanov vətənimizin və ana dilimizin şöhrətini ucaltdığı kimi, özü də ucalaraq alimliyin kamillik zirvəsini fəth edib. Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin".

    S.Sadıqova qeyd edib ki, Afad Qurbanov müasir Azərbaycan əlifbasının yaradıcısıdır: "Onun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbanın müəllifi kimi böyük xidmətləri olub. Alimi daim düşündürən problemlərdən biri də ümumtürk əlifbası və ortaq türk dilinin yaradılması idi. O, ortaq türk əlifbası üzərində çox çalışırdı".

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev bildirib ki, Afad Qurbanov həyatını ana dilimizin öyrənilməsinə və təbliğinə həsr edib: "Afad Qurbanov adi kənd müəllimliyindən universitet rektorluğuna qədər şərəfli elmi pedaqoji yol keçib. O, şəxsiyyətinə hörmət bəslədiyim, unudulmaz müəllimimdir. Onun həyat və fəaliyyətini göz önünə gətirdikdə daim heyranlıq hissi keçirirəm. O, həyatının hər mərhələsində addım-addım zirvələr fəth edib və sonda nail olduğu yüksək məqama yetişib. Afad Qurbanovun dilçiliyin müxtəlif sahələrinə dair 70-dən çox kitabı, 500-dən artıq elmi-metodik məqaləsi nəşr edilib".

    N.Xudiyev deyib ki, Afad Qurbanovun elmi yaradıcılığının ən geniş bölmələrindən biri də onomastika problemlərinin araşdırılmasıdır: "XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ təşkil edir. Bu dövrdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik sahəsi kimi formalaşıb inkişaf etməsi bilavasitə professor Afad Qurbanovun elmi fəaliyyəti və təşkilatçılıq işinin nəticəsi ilə bağlıdır. Afad Qurbanov dərin alim təfəkkürü ilə yanaşı, zəngin yaradıcılıq potensialına və yüksək təşkilatçılıq qabiliyyətinə malik ziyalılarımızdan idi. O, həyatının bütün anlarını Azərbaycan dilçilik elminin inkişafına, ana dilimizin öyrənilməsinə və təbliğinə həsr edib. 80 illik ömrünün 60 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş Afad Qurbanov, sözün əsl mənasında, böyük müəllim idi".

    ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyir ki, Afad Qurbanovu tələbəlik illərindən tanıyır: "O, onomastika sahəsində məktəb yaratmış görkəmli dilçimizdir. Bu sahənin bütün incəliklərinə qədər tədqiq olunmasında onun xidmətləri əvəzsizdir. 

    Afad müəllimin vəfatı Azərbaycan dilçiliyi üçün, kollektivimiz üçün, onun tələbələri və yetirmələri üçün, elmimiz üçün böyük itkidir. Təsəlli yerimiz ondan ibarətdir ki, o, böyük bir elmi irs qoyub, çoxlu sayda yetirməsi var. Bizim hər birimizin borcu ondan ibarətdir ki, Afad Qurbanov kimi ləyaqətlə vətənimizə, xalqımıza xidmət göstərək, elmimizin inkişafı üçün əlimizdən gələni əsirgəməyək.".

    Təqdimat mərasimində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru İradə Kərimova və başqa alimlər də çıxış edərək Afad Qurbanovla bağlı fikirlərini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi