DİM Bakıda IAEA-nın 45-ci illik konfransını keçirəcək

DİM Bakıda IAEA-nın 45-ci illik konfransını keçirəcək Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-27-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) 45-ci illik konfransını təşkil edəcək.
Elm və təhsil
8 Avqust , 2019 10:16
DİM Bakıda IAEA-nın 45-ci illik konfransını keçirəcək
Dövlət İmtahan Mərkəzi / Report

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-27-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının (IAEA) 45-ci illik konfransını təşkil edəcək. 

DİM-dən "Report"a verilən məlumata görə, Bakıda keçiriləcək builki konfransın mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır. IAEA - 2019 Konfransında ali təhsil müəssisələri, ümumtəhsil müəssiələri, həmçinin iş yerlərində qiymətləndirmənin çoxşaxəli məsələlərini əhatə etmək məqsədilə bir sıra mövzular əsasında təqdimatların olacağı nəzərdə tutulur.

Bu günə qədər 50 ölkə üzrə tədqiqatçıların 160 məqaləsi konfransın Elmi Komitəsinə təqdim edilmiş və 376 iştirakçı qeydiyyatdan keçib. 

Təqdim olunan elmi işlər uyğunluq, keyfiyyət, əhəmiyyət və dəqiqlik meyarları əsasında Elmi Komitənin aşağıdakı üzvləri tərəfindən qiymətləndirilib:

Məleykə Abbaszadə - Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri;

Kamil Aydazadə - AMEA İdarəetmə Sistemləri İnstitunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının rəhbəri;

Fariz İsmayılzadə - ADA Universitetinin prorektoru;

Zülfiyyə Veysova - Bakı Avropa Liseyinin direktoru;

Yoah Cohen – İsrailin Test və Qiymətləndirmə üzrə Milli İnstitutunun elmi tədqiqatçısı;

John Pitman - Quinsland Brisbeyn Avstraliya Universitetinin və Təhsil məktəbinin professoru.

Tədbirdə təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların (“keynote speakers”) mühazirələri ilə yanaşı praktiki məşğələlər (Pre and Post-Conference Workshops) də keçiriləcəkdir.

Konfransda dünyanın nüfuzlu təhsil müəssiələrindən olan spikerlər aşağıdakı mövzular üzrə mühazirələrlə çıxış edəcəklər:

Dr. Amra Seybik El-Reys (Kolumbiya Universiteti, ABŞ) - Azərbaycanın iqtisadi inkişafında təhsilin və qiymətləndirmənin rolu: imkanlar və çətinliklər;

Prof. Piter Tims (Durham Universiteti, Böyük Britaniya) - İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi;

Dr. Hanan Xalifa (Cambridge Assessment English, Böyük Britaniya) - Qiymətləndirmə islahat təşəbbüsü kimi;

Dr. Cemi Dunli (British Council Assessment, Böyük Britaniya) - Təhsil islahatlarında ümumi standartların səmərəli şəkildə həyata keçirilməsində standartların rolu;

Prof. Neytin Kuncel (Minnesota Universiteti, ABŞ) - Təhsilin qiymətləndirilməsində proqnozlar və proseslər.

Əsas mühazirələr və praktiki məşğələlərdə iştirak etmək istəyən şəxslər burada verilmiş məlumat və cədvələ uyğun olaraq qeydiyyatdan keçməyə dəvət olunurlar. Qeyd edək ki, yerli iştirakçılar üçün konfransa qeydiyyatın tam iştirak haqqı 250 ABŞ dolları, bir günlük iştirak haqqı isə 60 ABŞ dolları təşkil edir. Konfransda iştirak üçün qeydiyyat sentyabrın 1-dək, praktiki məşğələlərdə iştirak üçün isə sentyabrın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi