Yuxarı
    Bağlamaq

    Daxili Qoşunlar Ali Hərbi Məktəbə tələbə qəbulu elan edib

    Ərizə və sənədlərin qəbulu aprelin 10-dək hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək

    Bakı. 29 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2015/2016-cı tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a bildirilib ki, Ali Hərbi Məktəbə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.

    Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılan fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 6 dəfə; qaçış - 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırılmаsı - 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması - 18 dəfə).

    Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir. İmtahanlar test üsulu ilə, 4-cü ixtisas qrupunun fənləri üzrə, azərbaycan və rus dillərində keçirilir. Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər TQDK tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunan abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

    Qeyd edək ki, məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər "fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası və "leytenant" hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, cari ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunan, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilən, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunan digər şərtlərə uyğun gəlməyən abituriyentlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmirlər.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

    - şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

    - təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti);

    - yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

    - ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

    - oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

    - 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

    Ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək (bayran və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi