Yuxarı

"Azərbaycanda su balansının dəqiq hesablanmasına ehtiyac duyulur"

AMEA Coğrafiya İnstitutunda elmi seminar keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunda elmi seminar keçirilib.

Bu barədə “Report”a İnstitutun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, seminarda “Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Mövlud Teymurovun “Çayların su ehtiyatlarının rasional axım metodu ilə qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi çayların su ehtiyatlarının qiymətləndirilməsində axımı formalaşdıran ən mühüm amilləri özündə əks etdirən daha çevik metodlardan sayılan rasional axım metodu (Rational Method Runoff Coefficient) haqqında danışıb, onun Azərbaycan ərazisinə tətbiqinin elmi və praktiki cəhətdən səmərəliliyini əsaslandırıb.

Tədqiqatçı torpağın tipindən, mexaniki tərkibindən, torpaqların təyinatı və istifadəsindən, hövzənin meyilliyindən asılı olaraq axım əmsallarının (rasional əmsal) hesablanması düsturuna xüsusi əmsal əlavə etməklə su sərfinin dəqiqləşdirilməsinin mümkünlüyünü qeyd edib. O göstərib ki, atmosfer yağıntılarının miqdarını bilməklə rasional axım əmsalı əsasında istənilən ərazinin su sərfini tapmaq olar. Bu problem Azərbaycan kimi su ehtiyatları ilə zəif təmin olunmuş ölkədə həmin ehtiyatların qiymətləndirilməsi və sudan daha səmərəli istifadə üçün çox əhəmiyyətlidir.

Məruzə ətrafında gedən müzakirələrdən sonra akademik Ramiz Məmmədov bu gün Azərbaycanda su balansının dəqiq hesablanmasına ehtiyac duyulduğunu, rasional axım metodunun bu baxımdan perspektivli metod olduğunu nəzərə alaraq müəllifi dəstəklədiyini və lazım olan köməyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Məruzənin işlənərək bir məqalə kimi “Xəbərlər” jurnalına təqdim olunması təklif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi