Yuxarı

Buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqi keçiriləcək

Təhsil nazirinin əmrinə əsasən, istedadlı şagirdlərin aşkara çıxarılıb onlar barədə rayon (şəhər) üzrə Məlumat bankı yaradılacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin "Bilik günü"ndə Bakıdakı 148 saylı məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə əmr imzalayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, müvafiq vəzifələrin icrası ilə bağlı qurumun Fəaliyyət planı təsdiq olunub.

Planda qeyd olunub ki, buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqi keçiriləcək, şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr qazanmayan məktəblərin fəaliyyətinə rəhbərlik və nəzarətin gücləndirilməsi istiqamətində təşkilati işlər görüləcək.

Bundan başqa, ümumtəhsil məktəblərində təhsil alan ayrı-ayrı sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılıb onlar barədə rayon (şəhər) üzrə "Məlumat bankı" yaradılacaq, eləcə də istedadlı şagirdlərin iştirakı ilə məktəb və rayon (şəhər) daxilində bilik yarışları, müsabiqə və layihələr, intellektual oyunlar təşkil olunacaq.

Qeyd edək ki, əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.                 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi