Yuxarı
    Bağlamaq

    Bu ildən Azərbaycanda 50 məktəbin X siniflərində tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq

    2016-2017-ci dərs ilində isə XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək

    Bakı. 10 sentyabr. REPORT.AZ/ 2015-2016-cı tədris ilindən etibarən müəyyən olunan qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

    Məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

    Təhsil naziri Mikayıl Cabbarovun 2015-ci il 8 iyun tarixli əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.

    Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

    Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.

    Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.

    Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

    İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

    Nazirlikdən bildirilib ki, ölkədə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır:

    - Tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq;

    - Şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək;

    - Şagirdlərin öyrənmə motivasiyası artacaq;

    - Ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək;

    - Şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq.

    - Bütün bunlar son nəticədə təhsildə keyfiyyətin artmasına və yüksək ixtisaslı insan kapitalının formalaşmasına xidmət edəcəkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi