Bu ildən IX sinif şagirdləri də sınaq imtahanlarında iştirak edə biləcəklər

Bu ildən IX sinif şagirdləri də sınaq imtahanlarında iştirak edə biləcəklər Həmin şagirdlərin buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına yazılış başlanıb
Elm və təhsil
14 Dekabr , 2016 11:29
Bu ildən IX sinif şagirdləri də sınaq imtahanlarında iştirak edə biləcəklər

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ildən etibarən IX sinif şagirdləri də sınaq imtahanlarında iştirak edə biləcəklər.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarına yazıla bilərlər: "Artıq IX sinif şagirdlərinin buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına yazılış başlanılıb".

Şura sədri xatırladıb ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək: "IX sinif üzrə buraxılış imtahanı mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq.

M.Abbaszadə bildirib ii, bu imtahanlar yalnız onlayn formada keçiriləcək. İstənilən şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək onlayn imtahanda iştirak edə bilər. "Onların yazılarının yoxlanması uzun zaman aldığından bu imtahanlar yalnız onlayn formada olacaq", - deyə, o, əlavə edib.

Qeyd edək ki, bu vaxta kimi TQDK yalnız XI sinif şagirdləri üçün sınaq imtahanları həyata keçirib.

Xatırladaq ki, buraxılış imtahanlarının birinci mərhələsində şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar.

Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.

Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi