Yuxarı
    Bağlamaq

    Bu gecə Azərbaycanda ilin ən uzun gecəsi - Çillə gecəsidir

    Böyük çillə təxminən fevral ayının 1-2-si bitir

    Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gecə Azərbaycanda ilin ən uzun gecəsi - Çillə gecəsidir.

    AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli “Report”a bildirib ki, “yelda” sözü fars dilindədir: “Şəbi yelda” sözü “qara gün, uzun gün” mənasında işlədilir. “Şəbi yelda” deyəndə İrandakı soydaşlarımız etiraz edirlər ki, Güney Azərbaycanda bu bayramın adı “Çillə gecəsidir”, bu əski qədim türk mədəniyyətindən gələn bir mərasimdir. Amma İran UNESCO səviyyəsində “Şəbi Yelda” bayramını özlərinin milli mərasimi kimi qəbul etdirib”.

    Mütəxəssisin sözlərinə görə, Çillə gecəsinin ritualı hazırda Azərbaycanın bir çox bölgələrində unudulsa da, Naxçıvan ərazisində qalıb: "Bu gecə Naxçıvan camaatı Çillə gecəsini qeyd etmək üçün bir yerə toplaşırlar. Bu mərasim üçün payızın son aylarında dərilib saxlanılan meyvələri kəsirlər. Bu mərasimin icrası camaatın seçdiyi ağsaqqala həvalə olunur. Həmin ağsaqqal, el bilicisi xüsusən qarpız kəsiləndə onun içində olan zoğlara, əlamətlərə əsasən qışın necə keçəcəyi müəyyənləşdirir”.

    A.Əhmədli Çillə gecəsində əsasən xəmir xörəklərinin bişirilməsinə üstünlük verildiyini bildirib. O deyib ki, həmin gün xüsusi olaraq xəşil bişirərlər: "Çillə bayramında Bakı ərazisində düşbərə, qutab, gürzə bişirirlər. Naxçıvanda həmin gün şirniyyat kimi 7 ləzin deyilən meyvə qurularından istifadə olunur. Adətən Novruz bayramında 7 növ dənli bitkilərdən istifadə olunur, buğdanın yetişməsinə üç ay qaldığı üçün Çillə mərasimində meyvə qurusundan istifadə olunur. Amma yenə də dominant rolda qarpız olur”.

    Çillə sözünün mahiyyətinə gəlincə, alim qeyd edib ki, hazırda bəzi tədqiqatçılar arasında bu sözün nədən yaranması məsələsi müzakirə mövzusudur: “Bəzi mənbələr "Çil" sözünü "çehl" sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan "çil" sözü ilə əlaqələndirirlər. Mən ikinci izahı qəbul edirəm. Bu söz neqativ əlaməti ifadə edir, yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır. Bu sözün necə yaranmasını öyrənmək üçün sistemli araşdırmalar aparmaq lazımdır, necə gəldi münasibət bildirmək olmaz. Xalq bu bayramı minilliklərlə yaşadaraq bizə ötürüb. Biz xalqımızın dəyərlərinə sahib çıxmalıyıq”.

    Mütəxəssis həmçinin qeyd edib ki, bu bayram türk mənşəyi, mifologiyası, dünyagörüşü ilə daha çox bağlıdır: "Təəssüf ki, sonralar ayrı-ayrı psixologiyanın xalqlara təsiri bu kimi ənənələri unutdurub. Bu bayram farsların və kürdlərin bayramı kimi düşüncələrə həkk olunub. Amma bu bayram qədim türk düşüncəsinin, mifologiyasının məhsuludur".

    A.Əhmədli qeyd edib ki, dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsidir: "Bu gün 14 saat 51 dəqiqə gecə, 9 saat 9 dəqiqə gündüz olur. Dekabrın 21-dən etibarən günəş Azərbaycana 26.5 dərəcə bucaq altında düşür".

    O xatırladıb ki, qədim türklər qış fəslini 3 yerə bölürdülər: "Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir. Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə "Böyük çillə" mərasimi keçirilir. Bununla da Novruz mərasimləri başlayır. Böyük çillə təxminən fevral ayının 1-2-si bitir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi