Yuxarı

BSU-nun Germanistika İnstitutunun açılışı olub

Asif Hacıyev: Bu, Almaniyanın bir çox tanınmış universitetləri ilə əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universiteti (BSU) nəzdində yaradılmış Germanistika İnsititutunun açılış mərasimi keçirilib.

Ali təhsil müəssisəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan və Almaniya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsilə başlanan tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq ali təhsil müəssisəsində slavyan dilləri ilə yanaşı alman dili və mədəniyyətinə göstərilən diqqət, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Rektor bildirib ki, akademik Kamal Abdullayev və professor Ziqlinde Hartmanın birgə həyata keçirtdikləri “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” və digər irimiqyaslı layihələr bu sahədə qazanılan uğurlu nailiyyətlərdir. Germanistika İnstitutunun əhəmiyyətindən danışan A.Hacıyev bu institutun açılması Bakı Slavyan Universitetinin Almaniyanın bir çox tanınmış universitetləri ilə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb.

Vürtsburq Universitetinin professoru və Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, BSU rektorunun müşaviri və fəxri professoru xanım Ziqlinde Hartmann uzun illərdən bəri əməkdaşlıq etdiyi Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını bölüşüb. Mütəmadi olaraq BSU-da alman ədəbiyyatından silsilə mühazirələr oxuyan xanım Hartmann onun və Auqsburq Universitetinin müəllimi Yanina Francke ilə birlikdə Azərbaycana ezam olunduğu üçün BSU rəhbərliyinə minnətdarlığını bildirib. Germanistika İnstitutunun BSU ilə Almaniya ali təhsil ocaqları arasındakı münasibətləri daha da gücləndirəcəyini dilə gətirib.

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Hadrun Tempel çıxışında Bakı Slavyan Universitetinin alman dili və mədəniyyətinə böyük maraq göstərməsini yüksək qiymətləndirib və xüsusilə qeyd edib ki, BSU Germanistikanın tədrisində aparıcı müəssisədir. Germanistika İnstitutunun açılması münasibəti ilə universitet rəhbərliyini və professor-müəllim kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vexin BSU-da alman dili və ədəbiyyatının yüksək səviyyədə tədrisi və tələbələrin bu dili asanlıqla mənimsəməsinə heyralığını dilə gətirib.

“Alman dili xarici dil kimi” bölməsinin koordinatoru Aleksandr Eşer Bakıda həyata keçirilən alman məktəbi layihəsi üzrə ideyaları mərasim iştirakçıları ilə bölüşüb. Bildirilib ki, layihəyə əsasən BSU nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri bir il müddətində təhsil almaq məqsədi ilə Almaniyaya gedir, orada alman ailəsinin qonağı olurlar. Bu, şagirdlərin alman dilini daha yaxşı öyrənmələrinə imkan yaradır.

Alman filologiyası kafedrasının rəhbəri dosent Sevinc Rzayeva Germanistika İnstitutu və onun vəzifələri barədə məlumat verib. Bildirilib ki, bu institutun yaradılmasında əsas məqsəd BSU tələbələrinə alman dili, o cümlədən qədim və müasir dövr alman ədəbiyyatını mükəmməl şəkildə mənimsətməkdir.

Filologiya fakültəsinin dekanı professor Zemfira Vəliyeva fakültənin yaranma tarixi və alman filologiyası kafedrasının fəaliyyətindən söhbət açıb.

Mərasimdə BSU-nun alman filologiyası üzrə təhsil alan tələbələri və MLK şagirdlərinin ifasında alman dilində şeir və mahnılar səsləndirilib. Tədbirin sonunda BSU nəzdində Məktəb-Lisey Kompleksinin Almaniyada təhsil alan şagirdləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi