BSU-da imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib

BSU-da imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib Monitorinq çərçivəsində 23 qrup üzrə imtahan yazı otaqlarına baxış keçirilib
Elm və təhsil
14 İyun , 2017 12:49
BSU-da imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib
Report.az

Bakı. 14 iyun. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib.

"Report" xəbər verir ki, monitorinq BSU-nun rektoru, professor Nurlana Əliyevanın 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə verdiyi əmrə əsasən təşkil edilib.

Ali təhsil müəssisəsinin müxtəlif fakültələrində keçirilən monitorinqlərdə təhsil ekspertləri Şahlar Əsgərov, Kamran Əsədov, Nadir İsrafilov və KİV nümayəndələri, tələbələrin valideynləri iştirak ediblər.

Monitorinq çərçivəsində 23 qrup üzrə imtahan yazı otaqlarına baxış keçirilib, imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirləri, onları maraqlandıran suallar dinlənilib.

Rektor Nurlana Əliyeva bildirib ki, yay imtahan sessiyalarına mayın 2-dən start verilib: "İmtahan sessiyasının normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədilə universitetdə fəaliyyət göstərən Valideynlər Şurasının, Tələbə Gənclər Təşkilatının, tələbə və magistrlərdən formalaşan "Kölgə kabineti"nin, "Tələbə dünyası" qəzetinin nümayəndələrindən ibarət "Operativ qərargah" yaradılıb. Qərargahı yaratmaqda məqsədimiz imtahanın gedişində obyektivliyi və şəffaflığı təmin etmək, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək və s. məsələlərdir. Münaqişəli məsələlər yerində həll edilir. Təhsil haqqını vaxtında ödəməyən tələbələrin ailə vəziyyəti nəzərə alınır".

Qərargah rəhbəri, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qərargahdakı iş rejimi barədə məlumat verib: "Bəzən imtahan nəticələri ilə bağlı qiyməti tələbənin xeyrinə yüksəltdiyimiz hallar olur, bəzən də qiymətlərin şişirdildiyini müşahidə edirik. Mayın 2-dən bu günə qədər 6-7 müəllimdən izahat götürülüb, xəbərdarlıq olunub, töhmət verilib. Onların içərisində kafedra müdirləri, müəllimlər də olub. Biz münaqişə zamanı bütün detallara diqqət edirik. Bəzən bir gündə 40 imtahan olur. İmtahanlar arasında ən azı üç gün vaxt olmasına çalışırıq". 

Son xəbərlər

Orphus sistemi