Yuxarı
    Bağlamaq

    BŞTİ: İndiyədək Bakı məktəblərinə I sinfə qəbulla bağlı 35 mindən çox sorğu gəlib

    Bakı. 2 mart. REPORT.AZ/ Bakı şəhərindəki məktəblərə I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. 

    İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun "Report"a verdiyi məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılıb.

    O bildirib ki, BŞTİ-nin “Facebook” səhifəsində daha çox qeydiyyat prosesi, 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu, mikroərazi prinsipi tətbiq olunan məktəblər, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların elektron sistem tərəfindən avtomatik I sinfə keçirilməsi, müəllim seçimi, lisey və gimnaziyalara müsabiqə yolu ilə şagirdlərin qəbulu, məktəbə təqdim olunacaq sənədlər və digər mövzularda suallar üstünlük təşkil edib.

    Qeyd edək ki, fevralın 22-dən 2018-2019 tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində I sinfə şagirdlərin onlayn qeydiyyatı başlayıb. Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə uşaqların qeydiyyatı isə martın 12-də başlayacaq. Uşaqların I sinfə qəbulu üçün valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin sistemdə qeydiyyatı sentyabrın 15-dək mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.

    Martın 2-nə (saat 17:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 35 000-dən çox sorğu yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi