Yuxarı

​BP-nin vitse-prezidenti Ali Neft Məktəbində olub

Helmut Şuster: İnsan resursları istənilən müəssisə və şirkət üçün əhəmiyyətlidir

Bakı. 27 may. REPORT.AZ/ BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Helmut Şuster Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) olub. O, Ali Neft Məktəbinin rəhbərliyi və tələbələri ilə görüş keçirib.

Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

BANM-in rektoru Elmar Qasımov qonağı salamlayaraq ona Ali Neft Məktəbi haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsinin artıq ölkədə ən nüfuzlu ali təhsil ocağına çevrildiyini qonağın diqqətinə çatdırıb.

Elmar Qasımov BANM-də neft-qaz, avtomatika və kimya sənayesi üzrə ingilisdilli, peşəkar mütəxəssislər hazırlandığını nəzərə çatdırıb. Rektor Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməlyik” şüarının artıq təsdiqini tapdığını bildirib.

SOCAR-ın ən uğurlu sosial layihələrindən biri olan Ali Neft Məktəbinin yaradılmasının əsasında peşəkar mütəxəssis kimi yetişərək gələcəkdə ölkəmizi məhz xarici şirkətlərdə təmsil edə biləcək və SOCAR-ın beynəlxalq layihələrində, o cümlədən BP şirkəti kimi beynəlxalq şirkətlərdə çalışacaq kadrların hazırlanması olduğunu deyib. BP şirkəti ilə Ali Neft Məktəbinin geniş əməkdaşlıq əlaqələrindən söz açan rektor bu ali təhsil ocağının tələbələrinin hər il BP-də istehsalat təcrübəsinə cəlb olunduqlarını vurğulayıb. O bildirib ki, BANM-də elmin və təcrübənin vəhdətində verilən yüksək biliklər tələbələrə gələcəkdə istər yerli, istərsə də beynəlxalq şirkətlərdə öz karyeralarını qurmağa, əmək bazarındakı rəqabətdə önə çıxmağa stimul verir.

BP-nin vitse-prezidenti, insan resursları üzrə qrupunun direktoru Helmut Şuster Ali Neft Məktəbində olmaqdan məmnunluq ifadə edərək bildirib ki, Azərbaycana səfərinin məqsədi yerli BP komandası ilə görüşmək və regionda İnsan resurslarının fəaliyyəti ilə yaxından tanış olmaqdır. O, bu səfəri çərçivəsində yüksək tədris səviyyəsinə malik Ali Neft Məktəbində olmasından şad olduğunu dilə gətirib. İnsan resurslarının istənilən müəssisə və şirkət üçün əhəmiyyətli olduğunu vurğulayaraq, milliləşdirilmə ilə bağlı mühüm layihələrdən biri "BP-in mütəxxəssislərinin Bakı Ali Neft Məktəbinə dəstək layihəsi”ndən söz açan qonaq BP-nin milliləşdirmə strategiyası çərçivəsində dövlət qarşısında götürdüyü mühüm öhdəliyin tərkib hissəsi kimi BP AGT və BANM arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyinə və mühəndislik sahəsində milli tələbələrin inkişafı baxımından çox uğurlu olduğuna əminlik ifadə edib.

Helmut Şüster tələbələrin suallarını cavablandırıb və o, verilən suallardan Ali Neft Məktəbinin tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu müşahidə etdiyini deyib. Tədbirin sonunda rektor Elmar Qasımov ona “Fəxri qonaq” diplomunu təqdim edib.

Qeyd edək ki, Helmut Şuster Beynəlxalq əlaqələr üzrə magistr dərəcəsini və iqtisadiyyat üzrə PhD dərəcəsini Vyana Universitetində almışdır və sonra öz karyerasını Henkel şirkətinin marketinq bölməsində başlayıb. 1989-cu ildən BP şirkətində işləməyə başlayan Helmut Şuster bir sıra aparıcı vəzifələrdə çalışıb. O, BP-nin Böyük Britaniya, ABŞ və Avropadakı nümayəndəliklərində və əsasən emal, marketinq, ticarət, qaz və enerji səhələrində çalışıb.

Helmut Şuster BP-nin insan resursları üzrə qrupunun direktoru vəzifəsini 2011-ci ilin martın 1-dən yerinə yetirir. O, dünya üzrə BP-də çalışan 60 000 əməkdaşın idarə olunmasına məsul şəxs, həmçinin BP-nin Cənubi və Şərqi Avropa üzrə qeyri-icraçı direktorudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi