Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək

Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Elm və təhsil
18 Fevral , 2016 18:24
Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam olur.

Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilib, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanıb. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı.

XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı.

Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi