Yuxarı

Binəqədi kərgədanının yaşı 190 min deyil, 45 min il müəyyən edilib

Qazıntıların bir qisminin holosenə aid olduğu məlum olub

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İnstitutdan "Report"a verilən xəbərə görə, tədbiri açan institutun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov ilk olaraq "Binəqədi dördüncü dövr fauna və flora tapıntı yeri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda tədqiqatlardan danışıb.

H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin rəhbəri Tariyel Eybatov isə deyib ki, son üç ildə Binəqədi fauna və flora qəbiristanlığında qazıntı işlərinin aparılması nəticəsində 30 mindən çox sümük, diş, lələk və buğumayaqlıların xitin örtükləri aşkar olunaraq bitumdan təmizlənib: "3 yeni quş növü və xeyli yeni bitki növü də muzeyin kolleksiyasına əlavə olunub. Binəqədi fauna və flora qəbiristanlığından tapılan kərgədanının mütləq yaşı 190 min deyil, məhz 45 min, ardıcınkı isə 55 min il müəyyən edilib. Bunlardan əlavə, qazıntıların bir qisminin holosenə aid olduğu məlum olub".

AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarlarından bəhs edən D.Hüseynov bildirib ki, yeni qərara əsasən, bu ildən etibarən doktoranturaya qəbul imtahanları test üsulu ilə aparılacaq və bununla əlaqədar institutun aparıcı alimləri oktyabrın 1-nə qədər 15 elmi istiqamət üzrə test sualları hazırlamalıdır.

İclas kadr, elmi nəşr və digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi