Bilik Fondu İslam ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır

Bilik Fondu İslam ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır Sudan və Mərakeş səfirləri Bilik Fondunda olub
Elm və təhsil
7 Mart , 2017 19:10
Bilik Fondu İslam ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır
Bilik Fondu

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İslam Həmrəyliyi ili" çərçivəsində İslam ölkələrinin Azərbaycandakı səfirlikləri və diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır.

Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, bu münasibətlə fondun ilk qonağı Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haq olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə ölkələrin elmi müstəvidə bir-birini yaxından tanımaları mövzusunda fikir mübadiləsi aparılıb.

Sudanın Azərbaycanda təhsil alan tələbələri ilə yerli tələbələr arasında bilik paylaşmasının vacibliyinə toxunan icraçı direktor islam həmrəyliyinin möhkəmlənməsi istiqamətində gənclərin sağlam düşüncə üzərində qurulan təbliğat-təşviqat işlərinə qoşulmalarının əhəmiyyətindən danışıb.

O.Səmədov Sudan səfirliyini Fondun xüsusən "İl boyu bilik" proqramı, "Dünya elmi Azərbaycanda", "Azərbaycan elmi dünyada", "Qardaşlaşmış məktəblər" layihələrində iştiraka dəvət edib.

Mohamed Elias Mohamed əl-Haq hər iki ölkə haqqında dəqiq və hərtərəfli məlumatların bir-birinə ötürülməsi missiyasında Bilik Fondunun böyük səy göstətəcəyinə əminliyini vurğulayıb. Səfir Fondun təcrübəsini Sudanda nümunə kimi təqdim edəcəyini söyləyib.

Mərakeş Krallığının səfiri Məhəmməd Adil Embarş da Bilik Fondunda olub. Səfir Məhəmməd Adil Embarş səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında ticari, iqtisadi və diplomatik əlaqələrin inkişafından danışıb. Azərbaycanda olduğu kimi Mərakeş Krallığında da multikultural dəyərlərə yüksək qiymət verildiyini xatırladan səfir bildirib ki, əhalinin əksəriyyətinin müsəlman olduğu bu ölkədə başqa dinlərin nümayəndələrinə də bərabərhüquqlu münasibət göstərilir.

Səfirin sözlərinə görə, Mərakeş Krallığı başqalarının fikrinə hörmət etməklə, qarşılıqlı anlayış üzərində qurulan dostluğun tərəfdarıdır. Bilik Fondunun fəaliyyətinə maraq göstərdiyini dilə gətirən səfir hər iki ölkənin gənclərinin maarifləndirici layihələrdə birgə iştirakının xalqlar arasında münasibətlərin dərinləşməsinə, həmçinin islam mədəniyyətinin dolğun təqdimatına zəmin yaradacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi