Yuxarı

​Bərdədə qala divarları aşkar edilib - FOTO

Qazıntılar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub

Bakı. 27 iyul. REPORT.AZ/ AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə ekspedisiyasının əməkdaşları arxeoloji tədqiqatlar nəticəsində 4 metr enində qala divarları, e.ə. VII əsrlərə aid olan maddi-mədəniyyət nümunləri aşkar ediblər. 

Bərdə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov "Report"a bildirib ki, Bərdədə hələ 3 min il əvvəl yaşayış olub: "Hələ bir neçə il bundan əvvəl Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinmişdi ki, e.ə. I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olub. Arxeoloji tədqiqatların nəticələri Bərdə şəhərinin sənətkarlığın əkinçilikdən və maldarlıqdan ayrılması nəticəsində meydana gəldiyini söyləməyə əsas verir. Bu prosesin e.ə. II minilliyin ortalarında baş verdiyini nəzərə alsaq, şəhərin yaşının 3000 ildən az olmadığı bir daha təsdiqlənir". 

Onun sözlərinə görə, qazıntılar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub: "Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrədək, 3-cü təbəqə bizim eradan əvvəl VII əsrdən bizim eranın III yüzilliyinə qədər olan dövrü əhatə edir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Bərdə tunc dövrü yaşayış yerlərinin inkişafı nəticəsində dəmir dövrünün əvvəllərində şəhər kimi meydana gəlib, antik və ilk orta əsrlər dövründə isə inkişaf edərək ticarət, sənət və mədəniyyət mərkəzi kimi öz inkişafının ən uca zirvəsinə yüksələ bilib".

Xatırladaq ki, Şortəpədə əvvəlki illərdə də arxeoloji qazıntılar aparılıb. Ancaq qazıntı yerləri qismən torpaqla örtülüb. Bərdə rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, Şortəpə tarixi abidə kimi qeydiyyata alınıb və qorunur. Bundan sonra isə qazıntı aparılan yerlərin dağıdılmaması üçün lazımi tədbirlər görüləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi