Yuxarı

BDU-da Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbir keçirilib

Rektor Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbir keçirilib. 

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən "Report"a verilən xəbərə görə, universitetin foyesində faciə ilə bağlı sərgiyə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. 

Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. O bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir: "1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər". 

Rektor deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar: "Bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir".

Sonra tarix elmləri doktoru Sani Hacıyev, tarix fakültəsinin dosenti Boran Əziz soyqırımı ilə bağlı fikirlərini bölüşüb, tarixi fakt və sənədlərə istinad ediblər.

Tədbir tələbələrin Xocalı faciəsinə həsr olunan şeirləri səsləndirmələri ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi