BANM tələbələrini Yunanıstana göndərəcək

BANM tələbələrini Yunanıstana göndərəcək Hər iki tələbə fevralın 26-da Yunanıstana yola düşəcəklər
Elm və təhsil
23 Fevral , 2017 11:45
BANM tələbələrini Yunanıstana göndərəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov bu ilin yaz semestrı ərzində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsil alacaqlar.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər ərəfəsində BANM-in rektoru Elmar Qasımov həmin tələbələr və onların valideynləri ilə görüşüb.

Rektor hər iki tələbəyə müvəffəqiyyət arzulayaraq onlara bilik, bacarıq və nailiyyətlərinin davamlı olmasını arzulayıb: "Ali Məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsi çox qürurvericidir". 

O, BANM-in beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədi ilə bir sıra beynəlxalq layihə və proqramlara qoşulduğunu bildirib: "Erasmus+ proqramı çərçivəsində 2016-cı ildə BANM ilə PUAS arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur. Əminəm ki, Yunanıstanda bizim tələbələrimiz ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.

Rəhim Rəhimli və Məmməd Cəbrayılov rektor Elmar Qasımova Ali Məktəbin tələbələr üçün yaratdığı imkanlara və şəraitə görə təşəkkür ediblər.

Onların valideyinləri övladları ilə qürur duyduqlarını dedilər. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından söz açan valideynlər Ali Məktəbin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, hər iki tələbə fevralın 26-da Yunanıstana yola düşəcəklər.

Son xəbərlər

Orphus sistemi