Yuxarı
    Bağlamaq

    BANM-nin məzunu: “Bakı Ali Neft Məktəbində bilik, parlaq gələcək, gözəl dostlar və unudulmaz xoş xatirələr qazandım”

    Əhməd Qələndərli: Kitabda və mühazirələrdə eşitdiyimiz bir çox nəzəriyyə real həyatda fərqli tətbiq olunur
    © BANM

    Bakı. 31 iyul. REPORT.AZ/ Baki Ali Neft Məktəbinin (BANM) məzunları inamla peşə fəaliyyətinə başlayırlar. Onların əksəriyyəti aparıcı beynəlxalq və transmilli şirkətlərin seçim mərhələlərini uğurla keçərkən işə qəbul olunublar. Bu imkanı qazanan məzunların sırasında BANM-in “Kimya mühəndisliyi” ixtisasını qırmızı diplomla bitirən Əhməd Qələndərlinin də adı var. O, BP-Azərbaycan şirkətinin əməkdaşıdır.

    "Report" Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Ə.Qələndərlinin müsahibəsini təqdim edir.

    - BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə ilin ən yaxşı tələbəsi seçildiniz. Ali Məktəbdə aldığınız təhsil sizə nə verdi?

    - BANM-da təhsil aldığım müddətdə, mən mühəndislik bilik və qabiliyyətlərindən əlavə parlaq gələcək, gözəl dostlar və unudulmaz xoş xatirələr qazandım. Bakı Ali Neft Məktəbi digər tələbələrin həyatında olduğu kimi mənim həyatımda da əvəzsiz rol oynadı. Sadəcə elm və mühəndisliyə həvəslə başlayan bir gəncə, BANM, biliklərini tətbiq etməyi və lazım gəldikdə digərlərinə izah etməyi, qrup şəklində işləməyi, lider olmaği və daha bir çox əvəzedilməz qabiliyyətləri öyrətdi. Beş ilin sonunda bu amillər mənə beynəlxalq şirkətlərdən iş təklifi almağıma yardımcı oldu.

    - Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisinizmi?

    - BANM-də təhsil aldığım 5 ildə nəinki tələbəlik illəri ücün müəyyənləşdirdiyim məqsədlərimə çatdım, hətta həyatımda çatmaq istədiyim ən son və ən böyük məqsədlərimə nail olmaq üçün tələb olunan qabiliyyətlərə sahibləndim. Elə ilk tədris ilindən bu ali müəssisəsi məndə elm və mühəndisliyə olan marağı artırdı və keçirilən elmi-texniki seminar və konfranslarda aktiv iştirak etməyə başladım və 2014-cü ildə BANM tərəfindən təşkil olunan Tələbələrin 2-ci Elmi və Texniki Konfransın qalibi oldum. Lakin sosial həyata da maraq oyadan bu universitet mənə həm də Prezident yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə müraciət etməyə həvəs verdi və bu müsabiqənin qalibi oldum. Düşünürəm ki, BANM məzunlarının hal hazırda davam etdikləri yola baxsaq görərik ki, burada təhsilini uğurla başa vura bilən insanlar öz məqsədlərinə çatmış və gələcək məqsədlərinə çatmaq üçün lazımlı qabiliyyətlərə yeyələnmiş olurlar.

    - Dünyanın ən perspektiv və qabaqcıl transmilli şirkətlərindən birinin BP-nin əməkdaşı olmaq üçün nə etmək lazımdır?

    - Hazırki dövrdə, transmilli şirkətlərdə çalışmaq üçün texniki bilik yetərli deyil. Əlbəttə ki, texniki biliyi lazımlı səviyyədə olmayan kadr seçim prosesində elə ilk mərhələdə məğlubiyyətə uğrayır. BANM-də mənimsədiyim tədris proqramı məni keçdiyim bir çox müsahibələrdə önə çıxartdı, çünki proqram neft sənayesində ən son və innovativ metodları da əhatə edir. Lakin, liderlik və qrupla işləyə bilmək qabiliyyətləri transmilli şirkətlər üçün əvəzedilməzdir və bu qabiliyyətlərə sahiblənməyən kadrlar seçim prosesini uğurla başa vura bilməz.

    - Hansı mərhələləri keçmək lazımdır?

    - BP illərin təcrübəsi olaraq unikal seçim prosesi siyasətinə malikdir. BP kimi transmilli şirkətlər göndərilmiş minlərlə CV içərisindən ən güclüləri seçir. Seçim prosesinin çətinliyi bundan ibarətdir ki, bu müsabiqələrdə ən güclü kadrlar iştirak edir və texniki bilik cəhətdən fərqlənmək nisbətən çətindir. Düşünürəm ki, komanda şəklində qarşıya dünyəvi məqsəd qoyub və ona çatmağa doğru işləmək həvəs və qabiliyyəti mərhələləri uğurla keçməyə yardımçı olur. Digər vacib amil isə, biliklərini səlis və düzgün şəkildə ifadə etmək bacarığıdır ki, bunu da BANM-də 2 semestr ərzində Azərbaycan Dili və Nitq Mədəniyyəti fənninin köməyi ilə inkişaf etdirdim. Lider olmaq və çətin anlarda məsuliyyətdən qorxmamaq da, BP kimi şirkətlərin sevdiyi xüsusiyyətdir.

    - BANM-in istehsalat təcrübələri sizə gələcək karyeranızda nə kimi kömək edəcək?

    - İstehsalat təcrübəsi, düşünürəm ki, tələbənin mühəndis kimi formalaşmasında əvəzedilməz rol oynayır. Kitabda və mühazirələrdə eşitdiyimiz bir çox nəzəriyyə real həyatda fərqli tətbiq olunur. Bundan əlavə, BP və "Petkim"də keçdiyim təcrübə zamanı, bu sənayedə olan yeniliklərlə yaxından tanış oldum. Korporativ mədəniyyət və iş ortamında insanlarla ünsiyyət qabiliyyətləri isə istehsalat təcrübəsi olmasa mənimsənilməsi mümkünsüz olar. Məncə bütün bu aspektlər mənə karyeramın inkişafında çox kömək edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi