BANM-in tələbəsi "SOCAR-AQŞ"-nin təqaüdünü qazanıb

BANM-in tələbəsi "SOCAR-AQŞ"-nin təqaüdünü qazanıb Eltun Sadıxov bir tədris ili ərzində bu şirkətin təqaüdünü alacaq
Elm və təhsil
30 Sentyabr , 2015 10:25
BANM-in tələbəsi SOCAR-AQŞ-nin təqaüdünü qazanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıxov son iki semestr üzrə ən yaxşı nəticə göstərən beş tələbə arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin təqaüdünü qazanıb. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

"SOCAR-AQŞ" şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan Eltun Sadıxov bir tədris ili ərzində bu şirkətin təqaüdünü alacaq. Bununla bağlı öz təəssüratlarını bölüşən tələbə Eltun Sadıxov deyir ki, "SOCAR-AQŞ" kimi dünya standartlarına uyğun Azərbaycan şirkətlərindən birinin təqaüdünə layiq görülməsini özü üçün çox böyük uğur hesab edir: "Çünki nə vaxtsa "SOCAR-AQŞ"nin təqaüdünə layiq görülmüşəm dedikdə, bu, mənim haqqımda çox şey deyəcək. Digər tərəfdən, bu təqaüd növbəti iki ildə daha yaxşı çalışmağım üçün bir motivasiyadır".

Qeyd edək ki, Eltun Sadıxov 2012-ci ildə 676 balla Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub, həmin il Prezident təqaüdünə layıq görülüb. 2013-cü ilin mart ayında BANM-də keçirilən Tələbələrin Birinci Elmi Konfransında üçüncü yeri qazanıb. Eltun Sadıxov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində əsas neft və qaz sənayesinə aid təchizatlar üzrə təlimdə, "Dənizdə təhlükəsizlik" təlimində iştirak edib. O, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" və "28 May" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) yay təcrübəsi keçib.

Son xəbərlər

Orphus sistemi