Yuxarı

BANM-in tələbəsi, Prezident təqaüdçüsü: “Sevə biləcəyin bir ixtisası seçmək lazımdır”

“Uğur qazanmaq üçün hər bir insanın hədəfi olmalıdır”

Bakı. 3 may. REPORT.AZ/ Həsənli Elvin Elçin oğlu 9 fevral 1998-ci ildə İmişli şəhərində anadan olub. Bakı şəhəri Xətai rayonu Allahverdi Xəlilov adına 263 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 2015/2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür. "Report" Elvin Həsənlinin qəbul imtahanı, imtahandan qabaq və imtahandan sonrakı təəssüratlarını təqdim edir:

- Mən TQDK-nın təşkil etdiyi sınaq imtahanlarında iştirak etdiyim üçün imtahan haqqında əvvəlcədən təsəvvürüm var idi, ona görə də imtahandan qabaq həyəcanlı deyildim. İmtahan zamanı vaxtımın kifayət etməyəcəyini düşündüyüm üçün həyəcanlanmışdım. İmtahandan sonra sual kitabçasını yoxlayarkən iki səhvimin olduğunu gördüm. Buna baxmayaraq, 690 bal yığdım.

- Bəs, sınaq imtahanlarında nəticələrin necə olub?

- Sınaq imtahanlarında, ümumilikdə, nəticələrim 600 baldan çox olmuşdu, lakin bu məni qane etmirdi. Daha yüksək bal toplaya biləcəyimə inanırdım. Ailəm və qohumlarım da məndən ən yüksək nəticəni gözləyirdilər.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimi etdikdə nəyi əsas götürməlidir?

- Düşünürəm ki, uğur qazanmaq üçün hər bir insanın hədəfi olmalıdır. Bu hədəfə nail olmaq üçün çox çalışmaq, zəhmət çəkmək lazımdır. Ən əsası isə aşağı siniflərdən oxuyub təməlli bir şəkildə imtahanlara hazırlaşmaq lazımdır. Bünövrə olmadan sonradan repetitor yanına getmək heç vaxt effektli ola bilməz. İxtisas seçiminə gəldikdə isə öz bacarıqlarına uyğun gələn və gələcəkdə sevə biləcəyin bir ixtisası seçmək lazımdır.

-Necə oldu ki, məhz bu ixtisası və BANM-i seçdin?

- Mənim fikrimə görə, Azərbaycanda mühəndislik ixtisası və neft sahəsi üzrə BANM ilə rəqabət apara biləcək ali təhsil ocağı yoxdur. İnanıram ki, bu Ali Məktəbdə mən daha çox uğur qazana bilərəm. Çünki elektrotexnika və kompüter sahəsinə marağım var. Bu maraq məhz bu ixtisası seçməyimə səbəb oldu.

-Boş vaxtlarında nə ilə məşğul olursan?

- Dərslərimlə əlaqədar boş vaxtım çox olmur. Musiqi ilə məşğul olmağı, ədəbiyyatı çox sevirəm və boş vaxtım olduqca bədii əsərlər oxumağa çalışıram.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi