Yuxarı

BANM-in tələbələrinə “SOCAR-AQŞ”-nin sertifikatları təqdim olunub

Bu il “SOCAR-AQŞ”-də yay istehsalat təcrübəsinə 425 tələbə müraciət edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin tələbələrinə “SOCAR-AQŞ”-nin sertifikatları təqdim olunub.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

“SOCAR-AQŞ”-də keçirilən yay istehsalat təcrübəsi proqramının iştirakçılarının yekun təqdimat mərasimində BANM-in rektoru Elmar Qasımov bildirib ki, sənaye müəssisələrində təşkil olunan istehsalat təcrübə proqramları tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların bacarıqlı kadr kimi yetişməsində önəmli rol oynayır. 

O deyib ki, “SOCAR-AQŞ”-də təcrübə keçmək imkanı qazanan tələbələr çox şanslıdırlar, çünki onlar milli qazma sənayesində özünəməxsus yeri olan və bu sahədə vaxtaşırı yeniliklər tətbiq edən bir müəssisədə iş prosesi ilə yaxından tanış olublar. Bu da tələbələrə yeni texnika və texnologiyaların tətbiqi, qurğulara nəzarət və idarəetmə sistemlərinin işi, texnoloji proseslər, quyu tikintisi proseslərini əyani görmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanlar verir. 

E.Qasımov “SOCAR-AQŞ”-nin rəhbərliyinə tələbələrin müəssisədə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

“SOCAR-AQŞ”-nin baş direktoru Ramin İsayev bildirib ki, iki aylıq təcrübə proqramı çərçivəsində vaxtaşırı olaraq müəssisədə təcrübə keçən tələbələrlə görüşüb. Baş direktor proqramın gedişatı və tərtib olunan tədbirlər planı haqqında tələbələrin münasibətini öyrəndiyini deyib. 

R.İsayev tələbələrin proqramda həvəslə iştirak etmələri, məsuliyyətli davranışları və təhkim olunduqları sahələrə dair müxtəlif təqdimatlar hazırlayaraq qrup sessiyaları təşkil etmələrindən məmnunluğunu bildirib.

Qeyd edək ki, bu il “SOCAR-AQŞ”-də yay istehsalat təcrübəsinə 425 tələbə müraciət edib. Onlardan 109 nəfəri müsabiqələrə buraxılıblar. Yekunda 17 nəfər təcrübəçi olmaq şansını əldə edib. 17 nəfərdən 3-ü BANM-in tələbəsidir. Belə ki, 2 tələbə “Kimya mühəndisliyi”, 1 nəfər isə, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi