Yuxarı
    Bağlamaq

    BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıblar

    Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri – Ali Məktəbə 690 və 695 balla daxil olmuş Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs tələbələri Əli Yusifov və Elnur Şahbalayev neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın Petronas şirkətinin təqaüdünü qazanıblar. 

    Bu barədə "Report"a BANM-dən məlumat verilib.

    Tələbələr Malayziyanın Petronas Texniki Universitetində Petronas şirkətinin hesabına təhsil alacaq, təhsil haqqı, yataqxana və hər ay ehtiyyaclarını ödəmək üçün təqaüdlə təmin olunacaqlar. Ali Məktəbin tələbələri Petronas şirkəti tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçdikdən sonra təqaüdə layiq görülüblər.

    Bu münasibətlə Ali Məktəbin rektoru Elmar Qasımov tələbələr və onların valideynləri ilə görüşüb. Rektor bacarıqlı və bilikli tələbələrilə fəxr etdiyini deyib və onları əldə etdiyi bu böyük nailiyyət münasibətilə təbrik edib.

    Valideynlər rektora BANM-da onların övladları, eləcə də bütün tələbələr üçün yaradılmış şəraitə və keyfiyyətli təhsilə görə təşəkkür ediblər. Valideyn Qalib Şahbalayev bildirib ki, oğlu BANM-da tədris aldığı bir ildə ingilis dilini mükəmməl mənimsəyib və güclü İKT biliklərinə yiyələnib. Məhz bunun nəticəsidir ki, bu gün o imtahan və xüsusi müsabiqədə qalib gələrək Malayziyada təhsil almaq üçün təqaüd qazanıb.

    Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq edir. Ali Məktəbin tələbələri təhsillərini şirkətin həyata keçirdiyi “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində Malayziyada davam etdirəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi