BANM-in tələbələri "Azərkimya" İstehsalat Birliyində təcrübə keçəcəklər

BANM-in tələbələri "Azərkimya" İstehsalat Birliyində təcrübə keçəcəklər Tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlanacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar
Elm və təhsil
3 İyul , 2015 11:26
BANM-in tələbələri Azərkimya İstehsalat Birliyində təcrübə keçəcəklər

Bakı. 3 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərkimya" İstehsalat Birliyində təcrübə keçəcəklər. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, bu məqsədlə tələbələr rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə adıçəkilən qurumda olublar.

"Azərkimya" İB-nin rəhbəri Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalat yönümlü proqram hazırlandığını deyib: "Bu təcrübənin tələbələr üçün gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə böyük rolu olacaq".

Rektor E.Qasımov istehsalat təcrübəsinin tələbələr üçün çox vacib olduğunu bildirib: "Bu imkan tələbələrin gələcək karyerasında ilk addımdır. Əmək bazarında rəqabət müasir dünyanın ən vacib məsələlərindən biridir".

Xatırladaq ki, BANM-in ümumilikdə 38 tələbəsi "Azərkimya" İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsi keçəcəklər. Onlardan 18 nəfəri isə 2 ay müddətində ödənişli əsaslarla təcrübə toplayacaqlar. Belə ki, "Azərkimya" həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi