Yuxarı

BANM-in bir qrup tələbəsi “Petkim”-də təcrübə keçəcək

Türkiyədə təcrübə keçəcək tələbələr və onların valideynləri ilə görüş keçirilib

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin İzmir şəhərinə, Petkim şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov öncə “Petkim” şirkətində istehsalat təcrübəsi keçmək imkanı qazanan 26 tələbəni təbrik edib və onlara uğurlar arzulayıb.

Rektor tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il Ali Məktəbin tələbələrinin SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, bu nəhəng şirkətdə təcrübə keçmək imkanı qazanan tələbələrin şanslı olduğunu vurğulayaraq onların orada gedən iş prosesi ilə yaxından tanış olmaq, istismarda olan hər bir qurğunun avadanlığı, texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə işləmək kimi imkanların qazandığını valideynlərin diqqətinə çatdırıb. Rektor bu təcrübənin tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların təcrübəli kadr kimi yetişməsinə kömək edəcəyini bildirib.

Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ötən ildən etibarən BANM və Petkim şirkəti arasında əldə olunan razılaşmaya əsasən, Ali Məktəbin seçilən tələbələri ildə bir dəfə olmaqla Petkim şirkətində yay istehsalat təcrübəsinə göndərilirlər. Bu il tələbələr 18 iyul-29 avqust tarixləri arasında bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi