Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bolqarıstanın “Angel Kançev” adına Ruse Universitetinin (AKRU) Ömürboyu təhsil və inkişaf koordinasiyası üzrə prorektoru Plamen Daskalov, Elektrik Mühəndisliyi, Elektronika və Avtomatika fakültəsinin dosenti Tsvetelina Georgieva ilə görüşüb.
BANM-dan "Report"a verilən məlumata görə, görüşdə BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə mövcud əməkdaşlığın genişləndirilməsi, eyni ixtisas üzrə magistratura pilləsi üzrə mütəxəssis hazırlığı, ikili diplomların alınması məsələləri, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Qasımov Azərbaycanla Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, tədris prosesi və xarici əlaqələri barədə ətraflı məlumat verib.
Rektor 2015-ci ildə BANM ilə “Angel Kançev” adına Ruse Universiteti arasında imzalanan əməkdaşlıq haqqında sazişin bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və birgə elmi araşdırmaların aparılmasında mühüm rol oynadığını bildirib.
E.Qasımov ötən müddətdə Bakı Ali Neft Məktəbinin iki tələbəsinin Ruse Universitetində təhsilini uğurla başa vurduğunu xatırladıb: “Biz bolqarıstanlı tələbələrin də BANM-də təhsil almasına, eyni zamanda Ruse Universitetinin təcrübəli professor-müəllim heyətinin tədris prosesinə cəlb olunmasına maraqlıyıq”.
Ruse Universitetinin 75 illik tarixi olduğunu qeyd edən AKRU-nun Ömürboyu təhsil və inkişaf koordinasiyası üzrə prorektoru Plamen Daskalov isə, öz növbəsində hazırda bu ali tədris müəssisəsində 10 min tələbənin təhsil aldığını bildirib. O, təmsil etdiyi Universitetin, “Erasmus+” mübadilə proqramının əməkdaşlıq etdiyi ən böyük təhsil ocaqlarından biri olduğunu qeyd edib. Şanxay Texnologiya Universiteti ilə ikili diplom sisteminə keçildiyini vurğulayan prorektor Bakı Ali Neft Məktəbi ilə belə bir əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. O, Ruse Universitetinin diplomlarının bütün Avropada qəbul olunduğunu qeyd edərək, Avtomatika ixtisası üzrə tələbələrin 1 illlik təhsildən sonra ikili diplom əldə edə biləcəklərini deyib.
Sonda magistr hazırlığı və ikili diplomların verilməsi ilə bağlı danışıqlara başlanılması qərara alınıb.