Yuxarı
    Bağlamaq

    BANM-də yeni tədris mərkəzi yaradılıb

    Həm BANM-in tələbələri, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub

    Bakı. 31 yanvar. REPORT.AZ/ “Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində (BANM) texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün instrumental vasitə olaraq Tricon (SIL-3) əsasında Triconex Demo avtomatlaşdırılmış sistemini qurub.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    BANM-in yeni kampusunda “Schneider Electric” şirkəti ilə yaradılan tədris mərkəzində bu sistemdən istifadə etmək üçün həm BANM-in tələbələri, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub.

    Tədris mərkəzinin bu qurğu ilə təmin olunması təlimlərin keçirilməsi ilə yanaşı, burada tədrisə texniki və elmi-metodik dəstəyin verilməsi məqsədini nəzərdə tutur. Bu təlimlərdə iştirak gələcək mühəndislərə və neft şirkətinin işçilərinə Triconex Demo sistemi haqqında əsas biliklər əldə etməyə imkan verəcək. Həmçinin, mütəxəssislər mərkəzdə texnoloji proseslərin təhlükəsizliyinin avtomatlaşdırılması sahəsində ən müasir texnologiyalarla tanış olacaq və təhlükəsizlik texnikası sahəsində öz biliklərini artırmaq imkanı qazanacaqlar.

    Məlumata görə, Triconex Demo istehsalatda, o cümlədən neft-qaz müəssisələrində texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması üçün müasir bir sistemdir. Qəzalara avtomatlaşdırılmış nəzarət sistemi 30 ilə yaxın istismar müddətində qurğularda nasazlığın yaranmasının qarşısını alır. Triconex Demo sistemi aşağıdakı alt sistemlərdən ibarətdir: qəza zamanı sistemin söndürülməsi, yanğından və qazdan qorunma, yanmanın idarə edilməsi, qazan və turbinlərin qorunması, nüvə təhlükəsizliyinə nəzarət, yüksək etibarlı qoruyucu təzyiq alt sistemi.

    “Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Əmrah Təkdəmirin sözlərinə görə, “Schneider Electric” Azərbaycan hökumətinin ölkəni müasir texnologiyalar, avadanlıqlar və xidmətlərlə təmin olunması səylərini hərtərəfli dəstəkləməyə çalışır. “Bu gün tələbələrə və yerli mütəxəssislərə müasir biliklərin və təcrübənin əldə olunmasında kömək göstərərək biz onlar üçün həmin biliklərin və texnologiyaların Azərbaycanda gələcəkdə reallaşdırılacaq layihələrdə istifadə olunmasına imkan yaradırıq. Ümid edirik ki, Triconex Demo sisteminin BANM-də istifadəyə verilməsi həmin məqsədə nail olunmasında və gələcək mühəndislərin hazırlanmasında kömək göstərəcək” - deyə, o, bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi