BANM-də “Qadınlar və mühəndislik” mövzusunda müzakirələr aparıldı

BANM-də “Qadınlar və mühəndislik” mövzusunda müzakirələr aparıldı Bakı Ali Neft Məktəbi (BANM) və “Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının birgə təşkilatçılığı ilə “İnteqrasiya Olunmuş Mentorluq” proqramının təqdimat mərasimi keçirilib.
Elm və təhsil
20 Fevral , 2020 11:59
BANM-də “Qadınlar və mühəndislik” mövzusunda müzakirələr aparıldı

Bakı Ali Neft Məktəbi (BANM) və “Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının birgə təşkilatçılığı ilə “İnteqrasiya Olunmuş Mentorluq” proqramının təqdimat mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mərasimdə Ali Məktəbin rektoru Elmar Qasımov və “Wing”in rəhbəri Vüsalə Kazımova çıxış ediblər.

Tədbirdə həmçinin “Qadınlar və mühəndislik” mövzusunda mütəxəssislərlə panel müzakirələr aparılıb.

Tədbiri Vüsalə Kazımova açaraq STEM və kompüter elmləri peşələri üzrə qızların az bir qisminin karyera qurmaq arzusunda olduqlarını bildirib. O, “Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının ilk layihələrindən olan “İnteqrasiya Olunmuş Mentorluq” proqramı çərçivəsində məktəbli və tələbə qızların mühəndislik sahələrində fəaliyyət göstərən nüfuzlü şirkətlərin mühəndisləri ilə zəncirvari “öyrən-öyrət” prinsipi əsasında yeni formatda əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib.

V.Kazımova qadın kadr potensialının hazırlanması işində ölkəmizdə həyata keçirilən mühüm səylərə öz töhfələrini verəcəklərini vurğulayıb.

Elmar Qasımov tədbirin faydalı təcrübə mübadiləsi və qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib.

“STEM Education Azerbaijan”ın təsisçisi Ceyhun Cabbarov, Təhsil İnstitutunun əməkdaşı, “STEAM Azərbaycan”ın layihə rəhbəri İqrar Nəzərov, BP-nin qrup rəhbəri Nigar Cəlilova, “Engineering For Kids Azerbaijan”ın texniki direktoru Mario Caicedo, BMT-nin İnkişaf Proqramının araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, innovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova panel sessiyalarda çıxış ediblər. Panel müzakirələrdə qızlar və oğlanların fərqli fənn sahələrinə marağının təşviq edilməsi və seçimlərin formalaşmasında sosial amillərin böyük rol oynadığı qeyd olunub. Təhsil siyasətinin qızların özünə inamının gücləndirilməsi və mühəndis olmaq üçün zəruri bacarıqlarının inkişaf etdirməsinə yönəlməsinin vacibliyinə toxunulub.

Tədbirə qatılan məktəb direktorları, müəllimlər və müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr müzakirələrdə fəal iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi