Yuxarı
    Bağlamaq

    BANM-də “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar keçirilib

    Təşkilatçılar seminarın işində profilli strukturların və ayrı-ayrı mütəxəssislərin geniş iştirakında maraqlıdırlar

    Bakı. 4 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun əmri ilə bərpaolunan enerji mühəndisliyi sahəsində müasir biliklərin yayılması və mütəxəssislər arasında informasiya mübadiləsinin təşkili məqsədilə yaradılan və daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar başlayıb.

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, seminar təhsil ocağında fəaliyyət göstərən Bərpaolunan Enerji Mühəndisliyi üzrə Tədris və Tədqiqat Mərkəzi ilə sıx əlaqədə fəaliyyət göstərəcək və Azərbaycandakı, eləcə də xaricdəki müvafiq profilli elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssislərini bir araya gətirən platforma rolunu oynayacaq.

    Bakı Ali Neft Məktəbinin rektorunun əmri ilə Neft-qaz mühəndisliyi kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Siyavuş Azakov seminarın elmi rəhbəri təyin olunub.

    Seminarın ilk iclası iyunun 30-da keçirilib. İclasda Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan seçilmiş 3 tələbə, elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssisləri iştirak ediblər. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, professor Rəhim Mədətovun “Laylı yarımkeçirici monokristalların alınması, elektrofiziki, fotoelektrik və optik xassələrinin tədqiqi və onların tətbiq imkanlarının araşdırılması” mövzusunda təqdim etdiyi məruzəsi dinlənilib.

    Daha sonra BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Samirə Məmmədova “Fotovoltaik 2016-cı ildə” mövzusunda məruzə ilə çıxış edib.

    Sonda təqdim olunan məruzələr ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. İştirakçılar müxtəlif mövzular üzrə müzakirələrin ayda bir dəfə olmaqla təşkili haqqında razılığa gəliblər.

    BANM-dən bildirilib ki, seminarın iclasları onun işinə cəlb olunacaq mütəxəssislərin təklifləri və təqdim edəcəkləri məruzələrin mövzuları nəzərə alınmaqla təşkil olacaq. Orada təqdim edilən və müzakirəyə çıxarılan məsələlər ətrafında sərbəst və açıq diskussiya aparılması üçün hər cür şərait yaradılacaq.

    Bu iclaslarda Bərpaolunan enerji mənbələrindən istifadənin qanunvericilik əsaslarından başlayaraq, dünya təcrübəsi, Azərbaycan reallıqları, bu mənbələrdən istifadə üçün istifadə edilən texnika, texnologiya, materiallar, proqram təminatı, ekoloji və iqtisadi aspektlər kimi məsələlər müzakirəyə çıxarılacaq. Müasir enerjiqoruyucu texnologiyaların təbliğinə seminarın işində xüsusi diqqət yetiriləcək.

    Təşkilatçılar seminarın işində profilli strukturların və ayrı-ayrı mütəxəssislərin geniş iştirakında maraqlıdırlar.

    Seminarın iclaslarında məruzəçi və ya dinləyici kimi iştirak etmək istəyənlər özləri haqqında tam məlumatları (soyadı, adı, atasının adı, təhsili, elmi adı, elmi dərəcəsi, işlədiyi təşkilat, tutduğu vəzifə, hansı statusda seminarın işinə qoşulmaq istəyi, seminarın iclaslarının onun üçün məqbul olan vaxtı, elektron poçt ünvanı, iş və mobil telefon nömrələri) azakov_s@hotmail.com elektron poçt ünvanına göndərə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi