Balakən. 22 iyul. REPORT.AZ/ Balakən rayonunun Tülü kəndində aparılan arxeoloji qazıntılar nəticəsində Alban məbədinin qalıqları aşkarlanıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Natiq Alişov "Report"un Şimal-qərb bürosuna bildirib ki, rayonun Tülü kəndində Tülü türbəsi kimi qeydiyyata düşmüş abidə ətrafında aparılan arxeoloji qazıntılar və təhqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb.
Ərazidə tədqiqatlar aparan alimlər bildiriblər ki, uzun illər Türbə kimi tanınan bu abidənin əslində erkən orta əsrlərə aid Alban məbədi olduğu öz təsdiqini tapıb.
Onların sözlərinə görə, təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkarlanıb. Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilərək, neçənci əsrlərdə inşa edilməsi aydınlaşdırılacaq.