Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar başlayıb.
“Report” xəbər verir ki, seminarda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hər bir təhsil müəssisəsinin düzgün qurulmuş innovasiya siyasəti olmalıdır: “Təhsil, elm və innovasiya arasında qarşılıqlı əlaqələrin qurulması vacibdir. Hazırda ali təhsil müəssisələrində innovasiya mərkəzlərinin inkişaf etdirilməsi istiqamətində işlərə dəstək veririk”.
O bildirib ki, magisturaya daxil olan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magisturaya qəbul olanların sayı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, ötən il magisturaya daxil olan oğlanların sayı 4700-dən az idisə, bu il onların sayı 6000-dən çox olub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məruzə ilə çıxış edib, görülən işlərdən danışıb.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, seminar aktuallığına görə, Azərbaycanın qarşısında duran yeni, innovasiyalarla bağlı çağırışlara adekvat cavab axtarışı ilə əlaqəlidir: “Hazırda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə məsələlərə aid böyük əməkdaşlıq sazişinin bağlanması gözlənilir.
Bununla yanaşı, ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid Müəllif Hüquqları Agentliyi tərəfindən bir sıra elmi-metodik göstərişlər və təlimatlar hazırlanaraq, maraqlı tərəflərə çatdırılıb. Həmçinin Müəllif Hüquqları Agentliyi tərəfindən əqli mülkiyyət sahəsində bilik artırma bazası hazırdır və bu çərçivədə 100-ə qədər müxtəlif tədris kursları keçirilib və yaradılan smart tipli Treninq Mərkəzi fəaliyyətə başlayıb”.
K.İmanovun sözlərinə görə, Təhsil Nazirliyinin və ardınca AMEA-nın atdığı addımlar nəticəsində Tomson-Reuters nəşrlərində və sitatlanma H-indeksinə görə Azərbaycan universitetləri son illərdə 9-cu yerdən bir neçə pillə qalxaraq, öz vəziyyətini yaxşılaşdırıblar, hətta “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalımız Thomson Reuter sistemində MDB lideridir.












