Yuxarı
    Bağlamaq

    ​Bakıda QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası başlayıb

    Dekabrın 3-də keçiriləcək iclasda bir neçə ölkənin elm və texnologiya üzrə nazirlərinin iştirakı gözlənilir

    Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun yüksək səviyyəli iclası öz işinə başlayıb. "Report" xəbər verir ki, iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 2 və 4 illik fəaliyyət planları, Bəyannamə, digər müvafiq sənədlər müzakirə olunur.

    Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda 2014-cü ilin 1 iyul – 2016-cı il 30 iyun müddəti üçün ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək: "Bu müddət ərzində isə Fond ölkə əlaqələndiricisi adından QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini əlaqələndirəcək".

    E. Babayev həmçinin qeyd edib ki, əsas məqsəd təşkilatda olan nisbi durğunluğu aradan qaldırmaq, fəaliyyəti daha da gücləndirmək və yeni çalarlar meydana gətirməkdir: "Buna görə də ölkələrin təcrübəsinin bölüşdürülməsi, insan resursları, İnnovasiyalar və bu sahədə gənclərlə bağlı məsələ də daxil edilib. Fəaliyyətin daha da zənginləşdirilməsi üçün qarşılıqlı əməkdaşlıq formatına üstünlük verilməlidir. Eyni zamanda beynəlxalq proqramlarda iştirak gücləndirilməlidir".

    Onun sözlərinə görə, iki gün davam edəcək iclasda müzakirə olunan planlar və bəyannamə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin dekabrın 3-də baş tutacaq yüksək səviyyəli iclasında qəbul olunmaq üçün təqdim ediləcək.

    Qeyd edək ki, iclasın işinə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova, Ukraynadan yüksək səviyyəli ekspertlər qatılıb. İclasda həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Daimi Katibliyinin rəhbərliyi, Təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər.

    Dekabrın 3-də keçiriləcək iclasda bir neçə ölkənin elm və texnologiya üzrə nazirlərinin iştirakı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi