Yuxarı
    Bağlamaq

    Bakıda orta məktəbin 80 illiyi qeyd olunub

    Hazırda məktəbdə 1 114 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur

    Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərində yerləşən 183 nömrəli tam orta məktəbin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, tədbirdə idarənin müdiri Məhəbbət Vəliyeva, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər, məktəbin keçmiş məzunları, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

    Tədbirdə çıxış edən məktəbin direktoru Rəhilə Abbasova  təhsil müəssisəsinin tarixindən söz açıb. O bildirib ki, 183 nömrəli tam orta məktəbin təməli 1937-ci ildə qoyulub. Sonralar məktəb əsaslı şəkildə yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb. Belə ki, 2011-ci ildə məktəb Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Məktəb rəhbəri tədris ocağında hazırda 1 114 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllimin məşğul olduğunu qeyd edib.

    Direktor məktəbin pedaqoji kollektivinin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini, məktəb şagirdlərinin müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazandığını da nəzərə çatdırıb.

    Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədris ocağının 80 illik yubileyi münasibətilə məktəb kollektivini təbrik edib. İdarə müdiri paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən bəhs edib və respublikamızda bərabər təhsil imkanları üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirib.

    Tədbirdə çıxış edən digər qonaqlar son illər ölkəmizdə aparılan təhsil islahatlarından söz açaraq, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində təhsilə verdiyi töhfələr haqqında danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də hər zaman təhsilə böyük diqqət və qayğı göstərir.

    Tədris ocağının 80 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik edən məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.

    Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

    Sonda məktəbin səmərəli fəaliyyətinə görə fərqlənən müəllimləri Fəxri fərmanla təltif ediliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi