Bakıda məktəbəhazırlıq qrupları üçün saxta dərsliklər satışa çıxarılıb - FOTO

Bakıda məktəbəhazırlıq qrupları üçün saxta dərsliklər satışa çıxarılıb - FOTO Ekspertlər bu cür kitabların uşaqların səhhətinə zərər vurduğunu deyirlər
Elm və təhsil
3 Oktyabr , 2017 11:28
Bakıda məktəbəhazırlıq qrupları üçün saxta dərsliklər satışa çıxarılıb - FOTO
Report/ Orkhan Azim

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən kitab satışı məntəqlərində məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan dərsliklərin saxta variantları satışa çıxarılıb.

Bu barədə "Report"a valideynlərdən biri məlumat verib. 

Belə ki, "28 may" metrosunun çıxışı ilə üzbəüz olan “Student” kitab evindən alınan 2017-2018-ci tədris ili üçün “Çaşıoğlu” mətbəəsində nəşr edilən, lakin sonradan surəti çıxarılan Məktəbəhazırlıq qrupları üçün təlim vəsaitində şəkillər və yazılar keyfiyyətsiz olub. Ekspertlər bu cür kitabların uşaqların səhhətinə zərər vurduğunu deyirlər.

Dərsliklərin orijinalı və saxtasının qiyməti eynidir: 16,80 manat.

“Student” kitab evinin müdiri Rauf Bəndəliyev “Report”a açıqlamasında onlarda saxta kitab satılmadığını deyib: “Ola bilsin ki, hansısa müştəri kitabı qaytarıb və yerinə başqa mal götürüb. Üzlüklər eyni olduğundan satıcı həmin malın içərisinə baxmayıb. Həmin vəsaitlər də orijinal malların içərisinə qarışıb və yenidən satılanda problem yaranıb. Əgər biz 4 metr dərinlikdə zirzəmidə çalışırıqsa, müştərini aldatmağı hədəf seçməmişik”.

Məktəbəhazırlığın standartların və kurikulumun əsasında hazırlanan dərs vəsaitinin hazırlanmasına Təhsil Nazirliyinin xüsusi əmri ilə icazə verilib. "Məktəbə hazırlaşırıq" adlı vəsaitdə 5 kitab yer alıb.

Kitabın giriş hissəsində o da qeyd olunub ki, xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. Dərs vəsaitlərinin ümumilikdə qiyməti 16 manat 80 qəpikdir. 

Saxta dərsliklər Bakıxanov stansiyasının yaxınlağındakı “Zəka” kitab evində və digər bir sıra kitab mağazalarında da satılır.

Təhsil eksperti Kamran Əsədov “Report”a açıqlamasında deyib ki, bu gün Azərbaycanda kitab və məktəb ləvazimatları arasında kifayət qədər böyük sayda pirat, standartlara cavab verməyən məhsullar var: “Bir çox hallarda ayrı ayrı şəxslər, mətbəələr yeni nəşr olunan, daha çox ehtiyac və tələbat olunan vəsaitləri qeyri-qanuni əsaslarla çap edib satışa çıxarırlar. Bu məsələ nə qədər hüquqi aspektdə həll olunmalı olsa da, hesab edirəm ki, bizneslə məşğul olan şəxslərin milli hisləri, vətəndaş mövqeyi olmalıdır. Çünki standartlara cavab verməyən vəsaitlərdən istifadə etmək istifadəçilərin sağlamlığına ciddi şəkildə zərər vura bilər. Onlarda görmə qabiliyyətinin itirilməsi halları baş verə bilər”.

“Bu kimi halların aradan qaldırılması üçün tədbirlər görülür, amma yetərli deyil”- deyən K.Əsədov qeyd edib ki, bəzi hallarda daha çox tələbatın olduğu vəsaitləri pirat, saxta formada elə nəşriyyatların özləri gəlir əldə etmək üçün edirlər: “Onlar əvvəlcə həmin vəsaitləri məktəblər və ictimaiyyət üçün az sayda yüksək səviyyədə çap edirlər, sonra isə tələbatın artmasını nəzərə alaraq, aşağı keyfiyyətli məhsulu çap edib satışa çıxarırlar”.

Son xəbərlər

Orphus sistemi