Yuxarı

Bakıda “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilir

Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirin təşkilatçısı Təhsil Nazirliyidir

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans öz işinə başlayıb. "Report" xəbər verir ki, Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda nazirliyin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri və jurnalistlər iştirak edirlər.

Tədbirdə ilk çıxış edən Akademiyanın rektoru Urxan Ələkbərov bildirib ki, bu gün Azərbaycanda təhsil sahəsində bir çox islahatlar aparılır: "Təhsil naziri Mikayıl Cabbarovun bu sahədəki islahatlarını yüksək qiymətləndirməliyik. Təbii ki, bu istiqamətdə görülən işlərin hamısı təhsilimizin inkişafı üçündür".

“PR texnologiyaları” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov “Press-relizlərin hazırlanması və yayılması mövzusunda təqdimatla çıxış edib. O, təqdimatında KİV-lə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunub. C.Valehov bildirib ki, məqsəd Təhsil Nazirliyi tərəfindən "Media və təhsil dialoqu" çərçivəsində müzakirələrin davam etdirilməsindən ibarətdir: "Bununla da Azərbaycanın müxtəlif təsnifatlı media qurumları ilə iş təcrübəsini daha da təkmilləşdirəcək, təhsil və media ilə bağlı olan ekspertlərin fikirlərini dinləyəcək, eləcə də onlardan gələcəkdə paylaşa biləcəyimiz təcrübələri öyrənə biləcəyik".

O, həmçinin qeyd edib ki, növbəti ildən başlayaraq mətbuat xidmətlərinin əməkdaşları üçün medianın ayrı-ayrı istiqamətləri üzrə təlimlərin keçirilməsinə başlanacaq: "Fotodan, müxtəlif hadisələrin idarəolunmasından tutmuş, press-relizlərin yazılmasına kimi dar ixtisaslaşma çərçivəsində məhz təhsil qurumlarında, universitetlərdə olan media əməkdaşlarının təcrübəsinin təkmilləşməsinə çalışılacaq. Onlar həm yerli təlimlərdə iştirak edəcək. Həm də dünyanın bir sıra ölkələrində müxtəlif universitetlərin rəhbərləri ilə danışıqlar aparılacaq ki, təlimlərin keçirilməsinə şərait yaratsınlar".

Təhsil Nazirliyinin veb-masteri Mehman Şəfaqətov “Universitet saytları: Hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinqi iştirakçılara təqdim edib.

Sonra təqdimatlarla bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, praktik konfrans Bakı Ali Neft Məktəbində davam etdiriləcək. “Sosial medaida necə təqdim olunmalı?” mövzusundakı II paneldə də təhsil və media ilə bağlı müxtəlif müzakirələr aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi