Yuxarı

Bakıda liseylərdən biri İqtisad Universitetinin bazasına verilib

Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı şəhərindəki H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyi 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin baza məktəbi fəaliyyət göstərəcək.

“Report”un xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd müasir dövrdə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığını möhkəmləndirmək, təhsil proqramlarının varisliyini təmin etmək, istedadlı şagirdlərin potensial imkanlarının inkişafında ali məktəblərin professor-müəllim heyətinin rolunu yüksəltmək və gələcəkdə iqtisadiyyatın müxtəlif sahələri üzrə peşəkar səviyyəli kadrların hazırlanmasına etibarlı dəstək göstərməkdir.

Əmrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (Ə.Muradov) 2 nömrəli texniki-humanitar elmlər liseyinin rəhbərliyi ilə birlikdə qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edən Fəaliyyət planı hazırlayıb baxılmaq üçün nazirliyə təqdim etməlidirlər.

Bundan başqa, hər tədris ilinin yekununda görülmüş işlər barədə nazirliyin rəhbərliyinə hesabatlar təqdim edilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi