Yuxarı

​Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının iclası keçirilir

Görüşdə ittifaqın diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığı vurğulanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 5-dən 7-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, iclas çərçivəsində idarə heyətinin üzvləri gənclər və idman naziri Azad Rəhimovla görüşüblər.

Görüşdə “Böyük İpək Yolu”nun xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığı vurğulanıb.

Bildirilib ki, “Böyük İpək Yolu” müasir dövr üçün regional və beynəlxalq iqtisadi, siyasi münasibətlərin genişlənməsinə, ticarət və əməkdaşlıq əlaqələrinin qurulmasına, mədəniyyətlər və sivilizasiyalararası dialoqun yaranmasına və inkişafına töhfə vermiş təşkilatdır.

Nazir Azad Rəhimov 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə Avropa və Asiya dövlət başçılarının birinci zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini qonaqların diqqətinə çatdırdı. A.Rəhimov vurğuladı ki, məhz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində Avropa və Asiyanı bir-birinə daha çox bağlayacaq “Böyük İpək Yolu” proqramını həyata keçirən təşkilatın katibliyinin Bakıda yerləşməsi barədə qərar verilmişdi.

Nazir onu da bildirdi ki, tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə aparılan işlər Azərbaycan Respublikasının dünya birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə xidmət edir. Bundan başqa, müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulmasında Azərbaycanın əhəmiyyətli rolunu artırır. Azərbaycanın təşəbbüsü ilə 2012-ci ilin iyun ayında Bakıda birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi keçirilib. Nəticədə eyniadlı yeni beynəlxalq gənclər platforması təsis edilib və dövlət qeydiyyatına alınıb.

İttifaqın əsas məqsədinin “Böyük İpək Yolu” üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu bildirən qonaqlar hazırda ittifaqa 32 ölkədən üzv təşkilatların daxil olduğunu diqqətə çatdırıblar.

Görüşdə ittifaqın gördüyü işlər haqqında da məlumat verildi. Bildirildi ki, 2012-2015-ci illərdə ittifaq tərəfindən 25-dən artıq beynəlxalq və yerli səviyyəli tədbirlər keçirilib, bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi