Yuxarı

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib

​“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib

Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Konfrans Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edib. O, ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və uğurlarla yadda qaldığını söyləyib, perspektiv məsələlərdən bəhs edib.

BŞTİ müdiri bildirib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb.

Nazir müavini respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.

M.Vəliyeva eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb.

Konfransda BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev və 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova da çıxış ediblər.

Tədbir bədii kompozisiya ilə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi