Yuxarı
    Bağlamaq

    Bakı məktəblərində şagirdlərə yeni attestatların verilməsinə başlanılıb

    Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır

    Bakı. 18 iyul. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi birtirən məzunlara yeni attestatlar verilir. 

    İdarədən "Report"a verilən məlumata görə, IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur. 

    Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə, digər hallarda isə adi attestat verilir.

    XI sinfi qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara xüsusi nümunəli, əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

    Təhsil sənədlərinin forma və məzmununda da dəyişikliklər var. Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır.

    Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

    Ümumi orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

    Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülənlərin xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

    Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi